Salyanda qurbağa fermasında sənədlər hazırlanır, qurbağalar isə palçıqda gizlənib

Salyanda qurbağa fermasında sənədlər hazırlanır, qurbağalar isə palçıqda gizlənib. virtualaz.org saytının Şirvan bürosu bu mövzunu araşdırıb. Salyan rayonunun Şorsulu kəndində qurbağa ferması yaradaraq ətini xaricə satmağı qarşısına məqsəd qomuş “Azərifrog” MMC-nin təsiscilərindən olan Valeh Hüseynov saytımıza bildirib ki, bu ideya onun Fransada marketinq üzrə magistratura təhsili almış 32 yaşlı oğlu Rauf Hüseynzadəyə məxsusdur.
Valeh Hüseynov deyir ki, doğrudan da həyətyanı sahələrində 250-300 kv.m sahədə nohur yaradaraq qurbağa saxlayıb böyüdüblər:
“Qurbağaların ovlanaraq satılma mövsümü sentyabr ayıdır. Bu məqsədlə həmin vaxt bu heyvanlar göldən tutularaq kəsim olunmalı və yalnız arxa ayaqları satış üçün həyətdə quraşdırılan soyuducu kameralara doldurulmalı idi. Qurbağa ətinin Azərbaycanda alıcısı olmadığından Rauf məhsulu xaricə satmağı nəzərdə tutmuşdu. Amma bunun üçün nəzərdə tutulmuş xeyli müvafiq sənədi vaxtında hazırlaya bilmədiyindən, qurbağaları ovlayıb ətini tədarük etmədik. Çünki sənədlərin hazırlanması prosesi hələ də davam edir. Bunun üçün bir neçə dövlət qurumunun müvafiq razılığı olmalıdır. Hazırda isə qəfil soyuqlar düşdüyündən qurbağalar qışlamaq üçün nohurun dibindəki palçığın içinə çəkilblər, indi onları nə görmək, nə də ovlamaq mümkün deyil”.
Valeh Hüseynov onu da bildirdi ki, o özü də uzun illər yerli kolxozda baş mühəndis işləyib, təsərrüfat işlərindən yaxşı baş çıxarır. Oğlunun ağlına gələn bu ideya da çox faydalı ola bilər, amma bu, o qədər zərif bir prosesdir ki, həmin işdə mütləq dövlət dəstəyinə ehtiyac var. Yalnız bu halda gəlir gətirən bir qurbağaçılıq təsərrüfatı yaratmaq mümkündür. Oğlu Rauf isə ruhdan düşməyib, hazırda da növbəti ildə xaricə qurbağa əti satışı üçün sənədləşmə işləri ilə məşğuldur.
* * *
Azərbaycanda qurbağa əti istehsal edən ferma fəaliyyətə başlayıb.
Bu barədə Standartlaşma, Metrologiya Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.
Komitə rəsmisi qeyd edib ki, sahibkar tərəfindən qurbağa ətinin ixrac edilməsi üçün onlara müraciət edilib: “Sahibkar qurbağa ətini Fransaya aparmaq istəyirdi, bunun üçün sənəd lazım idi. Onun sənədlərini hazırladıq, mövcud sənədləşdirmədə problemlərini həll etdik. Dünya standartlarını araşdırdıq və ona lazımı sənədi verdik. Nəticədə, sahibkar tərəfindən 2 min ton məhsul xaricə göndərilib”.
Fazil Talıblının sözlərinə görə, qurbağa ferması Salyan rayonunun Şorsulu kəndində yerləşir: “Burada bataqlıqda olan qurba ətləri yığılmır. Xüsusi bəslənmiş və qida üçün nəzərdə tutulmuş məhsullar yetişdirilir və bu məhsullar müasir standartlara cavab verir”. Qeyd edək ki, Salyanda qurbağa ferması “Azərifrog” MMC tərəfindən yaradılıb. Şirkət 2015-ci ildə yaradılıb, 2016-ci ilin yayından isə fəaliyyətə başlayıb. (azvision)
930 dəfə oxundu