Putin “İsgəndər“lərin ardınca Ermənistana yeni “uzaqvuran və dəqiq silahlar“ göndərir

İrəvanda KTMT-in ötən həftə keçirilmiş sammitinin yekunlarına əsasən Moskva və İrəvan Ermənistana yeni silah təchizatına dair razılaşma əldə ediblər
Virtualaz.org xəbər verir ki, bu haqda hakimiyyətə yaxın erməni hərbi ekspert Sergey Minasyan bildirib.
“Ətraflı informasiya var. Lakin mən hələ açıqlaya bilmərəm ki, hansı silahlardan söhbət gedir”-Minasyan deyib.
Onun sözlərinə görə, Ermənistan-Rusiya münasibətlərində ilk növbədə hərbi-texniki sahədə ciddi irəliləyişlər var. “Kifayət qədər ciddi silahların verilməsinə dair razılaşma əldə olunub. Qısa müddət ərzində Ermənistan silahlı qüvvələri uzaqvuran, yüksək dəqiqlikli silahlar alacaq”-Minasyan əlavə edib. Onun sözlərinə görə, silahlar yaxın günlərdə Ermənistana daxil olacaq.
“Biz bu razılaşmanın reallaşmasını yaxın günlərdə görəcəyik”-Minasyan bildirib.
Xatırladaq ki, ötən ay İrəvanda keçirilən hərbi paradda Rusiyanın Ermənistana verdiyi “İsgəndər” operativ-taktiki raketləri və “Smerç” reaktiv yaylım atəşi sistemləri nümayiş etdirilib. Ermənistan bildirir ki, bu silahlar Rusiyanın ayırdığı 200 milyon dollarlıq güzəştli kredit hesabına deyil, “büdcə imkanları” hesabına alınıb. Rusiyanın Ermənistana ayırdığı kredit hesabına verilməli olan silahların siyahısında Minasyanın bəhs etdiyi kimi “uzaqvuran və yüksək dəqiqlikli” silahlar yer almırdı. Bu siyahıda “Smerç” reaktiv-yaylım atəşi sistemləri və TOS-1A “Solntsepyok” odsaçan sistemləri yer alsa da onlardan birincisi artıq Ermənistanda var.
Və indi Rusiyanın Ermənistana daha hansı “uzaqvuran və yüksək dəqiqlikli” silahlar verəcəyini izləmək lazımdır. Və belə görünür ki, rəsmi Bakı nəhayət məsələni rəsmi Moskva qarşısında qaldırmalı olacaq.
Bundan əvvəl prezident Putinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, Ermənistana “İsgəndər” raketlərinin verilməsi Azərbaycan üçün sürpriz olmamalıdır. Çünki Ermənistan Rusiyanın hərbi müttəfiqidir, müttəfiqlik çərçivəsində hansı silahlar lazımsa Ermənistana verilir.
296 dəfə oxundu