Tahir Salahovun erməni qayınanası kimdir?
Məşhur azərbaycanlı Tahir Salahov keçmiş SSRİ məkanının ən tanınmış rəssamlarından biri sayılır. Buna əmin olmaq üçün təkcə ona həyatı boyu verilən mükafatlara nəzər salmaq kifayətədir. SSRİ xalq rəssamı (1973), Sosialist Əməyi Qəhrəmanı (1989), SSRİ Dövlət mükafatı laureatı (1968), Rusiya Federasiyası Dövlət mükafatı laureatı (2012), Azərbaycan SSR Ali Sovetinin deputatı (1963-1967) və s. adlar azərbaycanlı rəssamın layiq görüldüyü çoxsaylı mükafatların çox az bir hissəsidir.
Modern.az saytı tanınmış azərbaycanlı rəssamın bioqrafiyasında maraqlı bir fakt aşkarlayıb. Məlum olub ki, Tahir Salahovun birinci qayınanası – ilk həyat yoldaşının anası əslən Qarabağ ermənisi, tanınmış özbəkistanlı rəqqasə Tamara Petrosyan olub. Yəni Tahir Salahovun ailə həyatı qurduğu ilk qadın - Vansetta Qarayaqubova məşhur rəqqasə Tamara Petrosyanın doğma qızıdır.
Tamara Artyomovna Petrosyan müasir özbək musiqisinin ən parlaq nümayəndələrindən biri sayılır. O, Özbəkistan xalq artisti (1932), SSRİ xalq artisti (1956), 2-ci dərəcəli Stalin mükafatı (1941) laueratı, Lenin ordeni və s. fəxri adlar və mükafatlar qazanmış, özbək xalq rəqslərində geniş islahatlar aparmış müğənni, rəqqasə, aktrisa və xoreoqraf kimi tanınıb.
Tamara Artyomovna Petrosyan daha çox səhnə adı ilə - Tamara Xanım olaraq tanınır. O, 1906-cı il martın 16-da Özbəkistanın Fərqanə şəhərində anadan olub. Onun valideynlərinin Fərqanəyə köçənə qədər Bakıda yaşadıqları, əslən isə Dağlıq Qarabağ erməniləri olduğu məlumdur. Tamara Petrosyan ilk dəfə 1919-cu ildə Daşkənddə səhnəyə çıxıb. 1925-ci ildə Moskvada teatr texnikumunu bitirib. 1926-1928-ci illərdə isə Daşkənddə etnoqrafik-musiqi ansamblında çıxış edib. Sonrakı illərdə o, Səmərqənd, Kokand və digər şəhərlərində dramatik-musiqi teatrlarının yaradılması ilə məşğul olub.
1936-cı ildə isə o, Özbəkistan Filarmoniyasının solisti olub. Böyük Vətən Müharibəsi illərində cəbhədə 1000-dən artıq konsert verib və bu xidmətlərinə görə 1941-ci ildə 2-ci dərəcəli Stalin mükafatı ilə təltif olunub. Qırmızı Ordunun əsgərlərinə müsbət mənəvi-psixoloji təsir göstərdiyinə görə ona kapitan hərbi rütbəsi belə, verilib. Tamara xanımın birinci əri özbək olub. Bu, Özbəkistan musiqi teatrının yaradıcısı, müğənni (bariton) və Özbəkistanın Xalq artisti (1936) Mühiddin Qarayaqubov idi.
1925-ci ildə Özbəkistan partiya rəhbərləri Tamara Xanımın otağına daxil olurlar və Mühiddin Qarayaqubovu ona təqdim edərək, bundan sonra səhnədə birlikdə çıxış edəcəklərini deyirlər. 1 il sonra onlar artıq evli idi. Bu nikahdan Tahir Salahovun gələcək həyat yoldaşı Vansetta Qarayaqubova doğulub. Beləliklə, Tahir Salahovun ilk xanımının anası erməni, atası isə özbək olub. Vansetta Qarayaqubova və Tahir Salahovun nikahından isə üç uşaq doğulub ki, onlardan biri də məşhur rəssam Aydan Salahovadır.
Aydan Salahova öz nənəsi Tamara Xanım haqda müsahibələrindən birində bunları deyib: “Bizim nənəmiz özbək xalq mahnılarının ifası ilə tanınıb. O 80 dildə mahnı oxuyub. Mərkəzi Asiyada ilk dəfə 16 yaşında səhnəyə hicabsız çıxıb. Həmin vaxt onun 16 yaşı var idi. Nənəm səhnədə ilk əri ilə birlikdə çıxış edirdi. Lakin Tamara Xanım məşhur olduqdan sonra onlar arasında münaqişə başladı və boşandılar”.
Tahir Salahovun birinci xanımı Vansetta Qarayaqubova da daha çox anasının səhnə adına görə Vansetta Xanım kimi tanınıb. O, Moskva Rəssamlıq İnstitutunun tetatr rəssamlığı ixtisasını bitirib. Tahir Salahovla 1947-ci ildə ailə həyatı qurduqdan sonra Bakıya köçüb və filmlər üçün kostyumlar hazırlamqla məşğul olub. Vansetta Xanım daha çox natümort üslublu rəsm əsərləri ilə populyarlıq qazanmışdı.
Vansetta Xanımla Tahir Salahovun nikahından Lara Salahova (1949), Alagöz Salahova (1953) və Aydan Salahova (1964) adlı 3 qız övladı dünyaya gəlib. Lakin sonradan cütlük arasında münasibətlər pozulub. Boşandıqdan sonra Tahir Salahov Varvara Salahova ilə ailə həyatı qurub. Onların 1977-ci ildə İvan Salahov adlı oğlu dünyaya gəlib. Yeri gəlmişkən, Tahir Salahovun qızı Aydan Salahovanın keçmiş əri də milliyətcə erməni olub.
1594 dəfə oxundu