Aeraport yolunda sehirli radar var Yalnız yük maşınlarına artıq sürət yazır

Aeroport yolunda sehrli radar: yalnız “Shacman”ları tutur və sürətini artırır
Aeroport yolunda, “Baku Expo” sərgi mərkəzinin yaxınlığında yerləşdirilmiş radarın “sehrli qabiliyyətləri” üzə çıxıb.
Virtualaz.org saytının redaksiyasına müraciət edən bir qrup yük maşını sürücüsü bildirib ki, aylardır yolun həmin hissəsindən keçəndə hər dəfə radar onların maşınlarının “sürət limitini” keçdiyini qeydə alır. Baxmayaraq ki, sürücülər həmin vaxt icazə verilən sürət həddini (70 kilometr/saat) aşmadıqlarını, hətta daha aşağı sürətlə hərəkət etdiklərini deyirlər.
Üstəlik onların idarə etdikləri yük maşını radarın qeydə aldığı sürətlə hərəkət etmək qabiliyyətində deyil. Müraciət edənlər əsasən Çin istehsalı olan “Shacman” markalı ağırtonnajlı yük maşınlarının sürücüləridir.
Müraciət edənlərdən biri, 90 UM 708 dövlət nömrə nişanlı “Shacman”ın sürücüsü Elxan Məşədiyev deyir ki, idarə etdiyi nəqliyyat vasitəsinin aeroport yolunda, “Baku Expo” mərkəzinin yaxınlığında icazə verilən sürət həddini aşdığı barədə protokol onun ünvanına ilk dəfə bu ilin fevralında daxil olub. Həmin protokolda göstərilirdi ki, “Shacman” saatda 96 kilometr sürətlə hərəkət edib və icazə verilən sürət həddini aşıb.
“Hansı ki, mən göstərilən tarixdə həmin yolda saatda 70 kilometrdən də az sürətlə hərəkət edirdim. Üstəlik “Shacman”ları istehsal edən zavod sürət həddini məhdudlaşdırıb və bu maşınlar ən çoxu saatda 86 kilometr sürət yığa bilir. O zaman necə ola bilərdi ki, radar mənim idarə etdiyim nəqliyyat vasitəsinin saatda 96 kilometr sürətlə hərəkət etdiyini qeydə alıb?”- sürücü deyir.
Çox keçmədən E.Məşədiyevin ünvanına DYP-dən daha bir analoji protokol gəlir. Həmin protokolda göstərilir ki, sürücünün idarə etdiyi “Shacman” yenə “Baku Expo” mərkəzinin yaxınlığından keçərkən saatda 102 kilometr sürətlə hərəkət edib.
Sürücü göstərilən inzibati xətanı törətmədiyinə əmin olsa da şikayət etməyib və hər iki cəriməni ödəyib. Lakin bu yaxınlarda DYP-dən ona bildiriblər ki, idarə etdiyi nəqliyyat vasitəsi düz 13 dəfə radara düşüb. Və hər dəfə də məhz “Baku Expo” mərkəzinin yaxınlığında, sürət həddini aşdığına görə...
Doğrudur, DYP-dən sürücünün ünvanına göndərilən protokollar hələ ünvana gedib çatmayıb. Amma Baş Dövlət Yol Polisi İdarəsində ona deyiblər ki, sürət həddini aşdığına görə 13 dəfə radara düşüb və cərimələri ödəmək lazımdır.
Heyrətə gələn sürücü nə edəcəyini bilmədiyini deyir. Çünki ilk dəfə protokollar gələndən sonra o, həmin ərazidən keçəndə ikiqat diqqətli olub, özünün dediyi kimi, bir gözünü spidometrdən ayırmayıb və ağır yük daşıyan “Shacman”ın sürətinin saatda 70 kilometrdən də aşağı olduğuna tam əmin idi.

“Mən dedim ki, buyurun, bu - maşın, bu da siz. Yoxlayın, ekspertiza aparın, sürün. Əgər saatda 85-96 kilometrdən çox sürət yığa bilsə, onu DYP-yə təhvil verib gedirəm”- sürücü deyir.
Baş Dövlət Yol Polisi İdarəsində isə ona məsləhət görüblər ki, idarənin rəhbərliyinə rəsmi qaydada şikayət edə bilər. Və belə məlum olur ki, “Baku Expo” mərkəzinin yaxınlığında dəfələrlə radara düşən “Shacman” tək bu deyil. Belələrinin sayı 20-yə yaxındır. Və onların sürücüləri də eyni aqibətlə üzləşiblər. DYP-dən bu sürücülərə deyiblər ki, cəmi bir neçə ay ərzində 8-10, hətta 15 dəfə sürət həddini aşdıqlarına görə “Baku Expo” mərkəzinin yaxınlığında radara düşüblər. Bəziləri cərimələri ödəməyə razılaşıb, bəziləri isə məsələni aydınlaşdırmağa və həmin radarın “sehrini” açmağa çalışır.
Necə olur ki, maksimal sürəti saatda 90 kilometrə də çatmayan ağırtonnajlı yük maşınları bu ərazidən keçəndə hər dəfə radara düşür? Sürücülər deyirlər ki, həmin an qonşu zolaqda hərəkət edən minik maşınının sürətini onların idarə etdikləri yük maşınlarına “yüklədiklərindən” şübhələnirlər. Yaxud ola bilsin radarın başqa “sirri-sehri” də var.
99 BP 034 markalı “Shacman”ın Əbülfət adlı sürücüsünün də başına eyni əhvalatlar gəlib. Sürücü deyir ki, ən az radarı olan odur və idarə etdiyi yük maşını “Baku Expo” mərkəzinin yaxınlığında 9 dəfə radara düşüb.
“Biz 50-yə yaxın “Shacman” sürücüsü Bakı Olimpiya Stadionunun tikintisi üçün Qaladan daş tozu daşıyırdıq və hər gün həmin yoldan istifadə edirdik. Sonradan bilmişik ki, az qala hər dəfə “Baku Expo” mərkəzinin yanından keçəndə maşınlarımız radara düşüb. Mən o yolu hər gün gedib-gəlirdim. Necə ola bilər ki, eyni yerdə hər dəfə sürət həddini aşım? “Baku Expo”nun yanından keçəndə bir gözüm spidometrdə olub, maşının sürətini 65 kilometrdən yuxarı qaldırmamışam. Üstəlik kim istəsə, gəlib yoxlaya bilər - “Shacman”lar saatda ən çoxu 85-86 kilometrlə hərəkət edə bilir, yüklü olanda heç bu sürəti də yığmır”- sürücü deyir. Sürücü deyir ki, bir dəfə də belə əhvalatla Gəncə yolunda qarşılaşıb. Həmin vaxt onun idarə etdiyi “Shacman” saatda 140 kilometr sürətlə radara düşüb: “DYP-yə müraciət etdim, dedim 40-ı bir yana, alın bu maşın, bu siz, saatda 100 kilometrlə gedə bilsə, istədiyiniz adamın adına qeydiyyatdan keçirdib sizə təhvil verə bilərəm. Görəndə ki etiraz edirəm, yola saldılar getdim”.

Sürücülər deyirlər ki, Baş Dövlət Yol Polisinin rəisi, general Ramiz Zeynalova ərizə ilə müraciət edərək bu şübhəli məqamın araşdırılmasını xahiş edəcəklər. Virtualaz.org saytı məsələ ilə bağlı Baş Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyevlə əlaqə saxlayıb.
Kamran Əliyev məsələni araşdırandan sonra həmin dövlət nömrə nişanlı “Shacman”ın həqiqətən son bir neçə ayda “Baku Expo” mərkəzinin yaxınlığından keçərkən sürət həddini aşdığına görə 13 dəfə radara düşdüyünü təsdiqlədi. Bununla belə K.Əliyev dedi ki, sürücülərin şübhələndikləri kimi radar göstəricilərinin yanlış olduğu ağlabatan deyil: “Bunlar avtomatik idarə olunan radarlardır, onları heç kim idarə etmir və göstəricilərinə müdaxilə etmir. Görünür, sürücülər hər dəfə sürət həddini aşıblar deyə radara düşüblər”.
Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi dedi ki, sürücülər istənilən halda rəsmi ərizə ilə müraciət edib məsələnin araşdırılmasını xahiş edə bilərlər.
943 dəfə oxundu