Sevindik Hətəmov özünə necə namizədlər düzəldib? Yardımlıda

Sevindik Hətəmov özünə necə namizədlər düzəldib?


Yardımlıda polis müşayətiylə əhali ilə görüşən Musa Qasımlını “legitim” etmək üçün icra başçısı dəridən-qabıqdan çıxır.

72 saylı Yardımlı-Masallı Seçki Dairəsində seçkilərin indidən saxtalaşdırılması üçün bütün zəmin hazırdır. JAM.AZ xəbər verir ki, bu hazırlıqlara birbaşa nəzarət edən Yardımlının icra başçısı Sevindik Hətəmov prosesə qədər deputatlığa namizədləri də müəyyən edibmiş.


Apardığımız araşdırma zamanı bu dairədən deputatlığa namizədlər icra başçısının təlimatı əsasında addım atıblar. Məsələn, Yardımlı rayonu Alçabulaq kənd orta məktəbində dərs deyən, 1984-cü il təvəllüdlü Coşqun Becanov həmin təlimata uyğun hərəkət edəndir. Bu şəxsin seçki kampaniyasını maliyyələşdirmək isə bir neçə min manata baxıb. Və həmin pulun icra başçısı tərəfindən verildiyi deyilir.

Kapital Bankın Yardımlı filialının aparıcı mütəxəssisi Əfqan Binyatov yatıb yuxusunda da görməzdi ki, o, deputatlığa namizəd ola bilər. Çünki onun bunu düşünmək üçün nə vaxtı var, nə də hövsələsi. Zatən yetərli qədər qayğıları var və onları həll etmək üçün çalışır. Amma Sevindik Hətəmovun təlimatı və saxtakarlıq üçün zəmin yaratmaq ehtirası bütün qayğı və problemlərin fövqündə dayanır. Ona görə də, filial rəhbərinə tapşırıq verib ki, namizədin seçki kampaniyasını maliyyələşdirsin. Cibinə də 5-10 manat qoyulsun ki, qayğıları bir qədər unudulsun.

JAM.AZ-ın araşdırmalarına görə, peşə məktəbinin 70 yaşlı müəllimi Latifa xanım Dadaşova isə sadəcə namizədlər arasında qadın olsun deyə namizədliyi irəli sürülüb. Onun kəndbəkənd düşərək təbliğat aparacağına isə kimsə inanmır.

Yardımlı rayon Gölyeri kənd orta məktəbinin müəllimi, 1990-cı il təvəllüdlü Qadir Rüstəmlinin isə namizəd olmasının özü sensasiyadır. Bu adam da Sevindik Hətəmovun “qurban”larından biri sayılır. Hətta rayonda camaat icra başçısının atdığı addımlara gülürlər. Ən azından seçkinin daha ciddi və rəqabət içində keçməsi üçün daha optimal variantların olduğunu, habelə güclü namizədin ortaya çıxarılmasının mümkünlüyünü vurğulayırlar. Amma icra başçısına ədalətli seçki yox, imitasiya lazımdır.

Sevindik Hətəmov siyasi savad baxımından o qədər savadsızdır ki, hətta hazırladığı planında özünü gülünc vəziyyətə salıb. Məsələn, onun Yardımlı rayon Ostair kənd kitabxanasının kitabxanaçısı Rizvan Rzayevin namizədliyini irəli sürməsi barədə göstəriş verməsi bu qəbildəndir.

Yardımlı rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin məsləhtətçisi Mirsahib Zamanovun namizəd kimi göstərilməsi də həmin qondarma seçki oyununun tərkib hissəsidir. JAM.AZ-a verilən məlumata görə, Yardımlı ƏSMM-in direktorunun son günlər ünvanlı sosial yardımla bağlı “yığım kampaniyası” həyata keçirməsindən əldə etdiyi gəlirlərə göz yuman icra başçısı aylıq haqqının bir qisminin yeni namizədə verilməsi təlimatını verib.

Təbii ki, 72 saylı dairədə iki rayon təmsil olunur və bu səbəbdən də Masallıdan da bir namizədin olması qərarlaşdırılıb. Bu zaman rayonun Sığdaş kənd orta məktəbinin direktoru Şahmar Əmirovun namizədliyi üzərində dayanılıb. Səbəb isə onun üzüyola biri olması və icra başçısının təlimatlarını həyata keçirəcəyinə əminliyin olmasıdır.

Aydın məsələdir ki, Sevindik Hətəmov özünün yarıtmaz fəaliyyəti ilə Yardımlı camaatını boğaza yığıb. Bir yandan da rayonda heç bir nüfuzu olmayan, hazırda seçiciləri ilə görüşə polis müşayəti ilə gedən namizəd Musa Qasımlıya legitimlik donu geyindirmək zərurəti yaranıb. Belə olan təqdirdə, əsas namizədləri sıradan çıxararaq, onların yerinə sözəbaxan, əlbuyruqlarını namizəd etmək lazım idi ki, bu işi də icra başçısı əlinə-üzünə bulaşdırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2039 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...