Nazirliyin qəbul otağında məmura hücum edən qazilərə hökm oxundu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaşların qəbulu sektorunun müdiri Malikə hücum edən şəxslərlə bağlı məhkəmə qərarı elan edilib.
Qaynarinfo-nun məlumatına görə, 1992-ci il təvəllüdlü Mehrab və 1989-cu il təvəllüdlü Fuad barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq törətmə) maddəsi ilə açılmış cinayət işinə məhkəmədə baxılıb. Hər iki şəxs Beyləqan rayonunun Qəhrəmanlı kənd sakinidir və II Qarabağ müharibəsinin iştirakçılarıdır.
Mehrab müharibə zamanı kəllə-beyin travması, Fuad isə bədəninin müxtəlif nahiyələrindən beş güllə və otuz qəlpə yarası alıb. Onlar əlillik dərəcəsi almaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdiklərini, lakin bu müraciətin rədd edildiyini bildiriblər. Bu səbəbdən 2024-cü il dekabrın 23-də Nazirliyə gedərək vətəndaşların qəbulu sektorunun müdiri Maliklə görüşüblər.
Qazilər əlillik dərəcəsinin verilməməsindən və prosesin ləngidilməsindən narazılıqlarını bildiriblər. Məmur isə onlara əlillik dərəcəsinin qanunvericiliyə əsasən düşmədiyini və bu statusun verilməsinin mümkün olmadığını deyib.
Bu cavabdan narazı qalan Mehrab Malikə hər iki əli ilə sinə nahiyəsindən zərbə endirərək onu yerə yıxıb. Daha sonra hər iki şəxs qəbul otağında quraşdırılmış kondisioneri və "Zimmer” markalı televizorun ekranını yumruqla sındırıblar.
Məhkəmənin hökmü ilə Mehrab və Fuad həbsdə olduqları 25 gün nəzərə alınmaqla, 10 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediliblər. Onlar bu müddət ərzində elektron nəzarət qolbağı ilə müşahidə olunacaqlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi mülki iddia qismən təmin olunub. Məhkəmənin qərarı ilə dəymiş 889 manat məbləğində maddi ziyan Fuaddan tutulacaq.
36 dəfə oxundu