Oqtay Şirəliyevə ünvanlanan daha bir şikayət şəkərli diabet xəstəsindən

Redaksiyamıza yeni daxil olmuş daha bir şikayət ərizəsində növbəti dəfə şəhərimizin dövlət tibb müəssisələrində müşahidə olunan neqativ hallardan bəhs edilir. Paytaxtın Yasamal rayonu, 11-ci Xrebtovıy küçəsi, 110 saylı evdə yaşayan Məmmədova Yaqut Əşgər qızı yaşadığı rayonun ərazisində fəaliyyət göstərən 19 saylı poliklinikada üzləşdiyi həkim məsuliyyətsizliyindən və özbaşınalıqlarından şikayətçidir.
Mövzuya dair dərc etdiyimiz ötən materiallarda da biz dəfələrlə qeyd etmişik ki, bu gün ölkəmizdə fəaliyyət göstərən bəzi tibb müəssisələrində hökm sürən özbaşınalıqlar vətəndaşların haqlı narazılıqlarına əsas verir. Qəribədir ki, dövlət tərəfindən məhz bu sahənin inkişafına, əhalinin pulsuz səhiyyə xidmətləri ilə təminatına diqqəti getdikcə artsa da, bu sahədə olan nöqsanlar hələ də azalmaq bilmir. Bir çox dövlət tibb müəssisələrində yol verilən rüşvətxorluq və digər korrupsiya halları xüsusilə kasıb təbəqənin maraqlarına ciddi zərbə vurmaqla yanaşı, ölkə rəhbərliyinin bu sahədə yürütdüyü siyasətin də tamamilə ziddinədir. Bununla belə, ölkənin səhiyyə sistemində neqativ hallara qarşı mübarizə hələ də istənilən səviyyədə aparılmır. Redaksiyamıza müraciət etmiş Yaqut Məmmədova da öz ərizəsində bildirir ki, o, şəkər xəstəsi olmağına rəğmən, qeydiyyatda olduğu 19 saylı poliklinikada müvafiq tibbi xidmətlərdən yararlana bilmir.
Bu xüsusda ərizədə deyilir: “Mən 2014-cü ilin iyun ayının 4-də Yasamal rayonu 19 saylı poliklinikada hörmətli prezidentimiz cənab İlham Əliyevin göstərişi əsasında Səhiyyə Nazirliyinin respublika üzrə keçirdiyi tibbi yoxlamadan keçmişəm. Bu muayinələr nəticəsində məndə bir sira xəstəliklərlə yanaşı, şəkər xəstəliyi də aşkar edilmişdir. Müayinənin nəticəsindən sonra mən, qeydiyyatım üzrə Yasamal rayon 19 saylı poliklinikanın sahə endokrinoloqu Fəxrəndə Səmədovaya xəstəliyimlə bağlı müraciət etmək üçün həmin poliklinikaya gəldim. Həkimin oturduğu otağın qapısına yaxınlaşarkən burada böyuk bir növbənin olduğunu qördum və nömrə alıb bir necə saat həkimə olan növbəmi qözlədim. Növbədə durduğum vaxt mən diqər şəkər xəstələrinin necə böyük stress və əsəb gərginliyi yaşadıqlarının da şahid oldum. Belə ki, bu xəstəliyin analizi ac qarnına verildiyindən, biz xəstələr əllərimizdə müayinə cavabları, həkimi saatlarla qözləməyə məcbur olmuşuq. Bu azmış kimi bir müddət sonra Fəxrəndə həkim otağından cıxıb, iş vaxtının davam etməsinə rəğmən, öz maşınına minib evinə getdi...” Göründüyü kimi, Yaqut Məmmədovanın əsas şikayəti 19 saylı polikilinikanın həkim-endokrinoloqu Fəxrəndə Səmədovadandır. Ərizədə təsvir olunan vəziyyətdən bu qənaətə gəlmək olur ki, Fəxrəndə Səmədova çalışdığı tibb müəssisəsində, bəlkə də yaxşı mütəxəssis olması səbəbindən qazandığı nüfuzdan sui-istifadə edir. Təəssüflər olsun ki, bu kimi hallara, təkəbbür və xudpəsəndliyin müxtəlif fəsadlara yol açması hallarına bir çox tibb müəssisələrində tez-tez rast olunur. Şikayəçinin təqdim etdiyi açıqlamalardan məlum olur ki, həkim Fəxrəndə Səmədovanın yol verdiyi özbaşınalıqların qarşısında hətta poliklinikanın baş həkimi Əzizağa Şıxəliyev də acizlik nümayiş etdirir. Bu barədə ərizədə deyilir: “Mən bu barədə öz iradımı baş həkimə bildirdim. O, isə dedi ki, Fəxrəndə Səmədova o qədər gözəl endokrinoloqdur ki, onun muayinəsinə hətta respublikamızın rayonlarından da gəlirlər. Baş həkim mənə bir az səbr etməyi məsləhət qörərək bildirdi ki, yaxın vaxtlarda Yeni Yasamalda başqa bir korpus yaradılacaq.
Bunları eşidib belə qənaətə gəldim ki, bas həkim də bu Fəxrəndə Səmədovanın qarşısında acizdir. Hətta öyrəndim ki, həkim Fəxrəndə Səmədovaya qörə poliklinikada artıq bir neçə baş həkim işdən çıxarılıb...” Daha sonra şikayətçi həkim Fəxrəndə Səmədova tərəfindən şəkərli diabet xəstələrinin qeydiyyata alınması məsələsində də qərəzli mövqey nümayiş etdirildiyi barədə iddia ortaya qoyur. Həmçinin ərizədən məlum olur ki, həkim öz vəzifə borclarının icrasında da aşkar etinasızlıq nümayiş etdirir. Təəssüflər olsun ki, gündəlik həyatımızın bir çox sahələrində bu və ya digər qurumun fəaliyyəti barədə yuxarı instansiyaya daxil olan şikayət ərizəsinin araşdırılması üçün təkrar məhz həmin qurumun rəhbərliyinə göndərilməsi halı artıq normativ bir prosedura çevrilmişdir. Halbuki, bu vəziyyətdə şikayət ərizəsinin obyektiv araşdırılmayacağı və nəticələrin saxtalaşdırılacağı məntiqi bir sonluq kimi əvvəlcədən məlum olur. Elə Yaqut Məmmədova da öz ərizəsində analoji halla qarşılaşdığını bildirir: “Həmin gün həkimin qəbuluna düşə bilmədiyimdən kor-peşman evə gəlib, öz iradımı Səhiyyə Nazirliyinin qaynar xəttinə bildirdim. Bir neçə gundən sonra, bir daha Fəxrəndə Səmədovanın qəbuluna gəldim və gördum ki, qaynar xəttə muraciətimdən sonra, bu həkim həmişəkindən daha gec işə qəldi. Yenə də nömrə alıb uzun muddət gözlədikdən sonra, nəhayət ki, içəri daxil oldum. Fəxrəndə həkim məni gördukdə üzunü otağındakı televizora çevirib, sonra pultu əlinə alıb başladı rus kanallarının birinə baxmağa. Bundan sonra həkim xəstəliyimlə bağlı məndən heç bir söz soruşmadan otağındakı tibb bacısından mənim analizlərimin nəticəsi barədə soruşdu. Sonra isə, həkim heç bir əsas gətirmədən bidirdi ki, məni şəkər xəstələrinin uçot siyahısına daxil edə bilməz. Əsəbi halda evə gəlib, butun bu olanlar barədə Səhiyyə Nazirliyinin qaynar xəttinə yenidən məlumat verib, əvvəlki sikayətimin nəticəsi barədə öyrənmək istədim. Oradan mənə bildirdilər ki, şikayətim yönəldilib həmin tibb muəssəsinin baş həkiminə. Baş həkim isə bu məsələ barəsində ölçu göturə bilmir...”
Sonda Yaqut Məmmədova Səhiyyə naziri cənab Oktay Şirəliyevə müraciət edərək, 19 saylı poliklinikanın həkim-endokrinoloqu Fəxrəndə Səmədova tərəfindən yol verilən özbaşınalıqlar barədə konkret faktlarını təqdim edir və bu halların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini xahiş edir: “Qeyd edim ki, həkim Fəxrəndə Səmədova həddindən artıq xəstələrə qarşı laqeyd, saymazyana münasibət göstərir. Onun işini tibb bacısı görür. Çarəsizlikdən onun qəbuluna gəldikdə, digər xəstələr kimi, mənim də şəkərim qalxır. Çünkü o, xəstələrə yaxşı
münasibət göstərmir, saymazlıq edir. Bildirirəm ki, həkim Fəxrəndə Səmədova konkret olaraq aşağıdakı özbaşınalıqlara yol verir:
1. İstədiyi vaxt işə gəlir, istəmədiyi vaxt işə gəlmir;
2. İş vaxtı, qəbul saatlarında qapını içəridən bağlayıb nahar edir;
3. Xəstələrin qanını laboratoriyada deyil, öz aparatı ilə ölçür, əvəzində xəstələrdən 2 manat pul alır; 4. Onun tibb bacısı, tanış xəstələrdən onların tibb kartoçkalarını alıb, onları növbədən kənar qəbul edir, onların işlərini növbəsiz həll edir.
5. Bir dəfə yaşlı bir qadını otağından kobudcasına qovaraq “mənə hörmət etmirsən”- dedi.
Biz artıq xəstəyik. Bizə Fəxrəndə Səmədova kimi bir həkimi təhkim etməklə, bizim ömrümüzün qalan hissəsini qısalır. Baş həkim isə deyir ki, necə ki, Səhiyyə Nazirliyinə gedib şikayət etmisiniz, gedin dərmanlarınızı da oradan alın. Qoy onlar sizi yoxlasın. Mən sual edirəm, məgər poliklinika özəlləşib, bəlkə xəbərimiz yoxdur?
Xahiş edirəm, endokrinoloq Səmədova Fəxrəndə barəsində ciddi ölçu göturulməklə, həmin poliklinikada növbə izdihamının aradan qaldırması üçün ikinci növbəyə əlavə endokrinoloq təyin edilsin.” Ümid edirik ki, Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən 19 saylı poliklinikada yaranmış vəziyyətin obyektiv araşdırılması üçün bütün müvafiq tədbirlər görüləcəkdir.
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
366 dəfə oxundu