Ramiz Zeynalovun milyonluq «cərimə əməliyyatı» - protokollar niyə sistemə vurulmur?

GUNDEMİNFO.AZ-ın redaksiyasına Azərbaycan Respublikası Dövlət Yol Polisindən şikayətçi olan yüzlərlə vətəndaşın müraciəti daxil olub. Şikayət edən vətəndaşlar yollarda, radarlara tuş gəldikdən sonra qarşılaşdıqları problemlərdən bəhs edirlər. Radara düşmüş, sürət həddini aşmış və ya yol nişanlarının tələblərini pozmuş vətəndaşlar cərimələrini amanında ödəyə bilmirlər.
Bu sahədə qurulmuş sistemin bərbad olmasından bəhs edirlər. Şikayətçi sürücülər deyir ki, onlara təyin edilmiş cərimə protokolları poçt vasitəsilə daxil olur. Lakin cərimələri ödəmək istədikləri zaman problemlərlə qarşılaşırlar. Tərtib edilmiş elektron protokolları alan vətəndaşlar sistemdə adlarını tapa bilmirlər. Ölkə ərazisində olan bütün «Asan xidmət» mərkəzlərinə, poçt şöbələrinə, həmçinin də bank filallarına müraciət edən vətəndaşlar cərimələrini ödəyə bilmirlər. Səbəb kimi isə vətəndaşın ünvanına gələn elektron protokolların qeydiyyatda olduqları ərazi üzrə Dövlət Yol Polisi idarələrində qeydiyyata alınmaması ilə bağlıdır.
Redaksiyamıza müraciət edən vətəndaşlar bildirir: «Rayon qeydiyyatında olan, lakin Bakı şəhərində işləyən insanlar üçün təkrar protokolları yaşadığımız ünvanda qeydiyyata saldırmaq üçün getmək fiziki baxımdan mümkünsüzdür. Bakıda isə heç bir ödəmə məntəqəsində protokol üzrə cərimələri ödəmək mümkün olmur» deyə müraciət edən vətəndaşlar bildirirlər.
Şikayətçilər deyir ki, bu yol polisinin bilərəkdən yaratdığı süni maneədir. Eyni zamanda mövzu ilə bağlı söhbətləşdiyimiz ekspertlər də elektron cərimə protokollarının DYP mərkəzlərində qeydiyyata alınması ilə bağlı tələblərin irəli sürülməsinin absurd olduğunu söyləyirlər. Vətəndaş əlində olan elektron protokollarla sürücülük vəsiqəsini təqdim etməklə bütün ödəmə mərkəzlərində dövlətin büdcəsinə ödənişi həyata keçirə bilər.
Şikayət edən vətəndaşlar deyir ki, adətən yol patrul əməkdaşları onları saxlayan zaman cərimələrinin olduğunu söyləyirlər. Cərimə 20 gün əvvəl təyin edilsə də, nə Daxili İşlər Nazirliyinin elektron sistemində yerləşdirilmir, nə də ki, cərimə olunmuş sürücüyə elektron protokol poçt vasitəsilə göndərilmir. Nəticə etibarilə də cərimə olunmuş vətəndaşa cərimə protokolu təqdim edilmədiyindən, 2 aya yaxın vaxt keçir. Bu zaman sürücü 10 günlük apelyasiya şikayəti etmək imkanlarından məhrum olmaqla yanaşı, həm də cəriməyə əlavə olaraq hesablanan dəbbə faizlərini də ödəmək məcburiyyətində qalır. Adətən sürücülərə kəsilmiş yüksək cərimə məbləğlərinə görə hesablanan dəbbə faizləri də yüksək olduğundan sürücülər cəriməni zamanında ödəyə bilmirlər. Daha sonra isə nəqliyyat vasitəsinin üzərində «məcburi cərimə dayanacağına aparılması» haqda qərar çıxarılır.
Göründüyü kimi Dövlət Başçısının ölkədə yol polisləri ilə vətəndaşların təmaslarının minimum səviyyəyə endirilməsi təşəbbüslərinə Ramiz Zeynalovun işçiləri bacardıqloarı qədər manne olurlar. Çünki müvafiq qanunvericiliyə əsasən cərimə edilmiş vətəndaşlar cərimə protokollarını DYP mərkəzlərində qeydiyyata aldırmaq üçün yol polisləri ilə təmasda olurlar və bu zaman bilərəkdən mərkəzi elektron sistemə vurulmamış protokollarla bağlı DYP əməkdaşı ilə cərimələnmiş vətəndaş arasında sövdələşmə, alver ehtimalları artır.
Ölkədə korrupsiyaya qarşı aparılan mühim islahatlar, Azərbaycan Prezidentinin təşəbbüsləri, DYP tərəfindən görəsən niyə qulaqardına vurulur. Hər halda ortada milyonlarla manat cərimənin alverindən söhbət gedir. Bu tamah isə bütün islahatları, dövlətin mütərəqqi ideyalarını əzib keçir deyəsən…
Mövzu ilə bağlıqarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
421 dəfə oxundu