İradə Gülməmmədova Zakir Fərəcovun adamlarını qovdu - ÖZƏL
Uzun illər Abşeron rayonuna başçılıq etmiş Zakir Fərəcovun Sumqayıta icra başçısı təyin ediləndən sonra ölkə mediasında müxtəlif versiyalar yayılmağa başladı. Hətta bəzi yerli KİV-lərdə Abşerona icra başçısı təyin edilmiş Zakir Fərəcovun xanım müavini İradə Gülməmmədovanın Zakir Fərəcov tərəfindən idarə olunduğu da bildirilirdi.
Lakin GUNDEMİNFO.AZ-a çatan xəbərlər bu informasiyaların tam əksini deyir. Məlumata əsasən İradə Gülməmmədova icra başçısı təyin edildikdən sonra çox qısa zamanda Zakir Fərəcovun bütün kadrlarını işdən uzaqlaşdırıb. Xüsusilə də rayon ərazisində Z.Fərəcovun adamları olaraq mülkiyyət üzrə sahibkarlardan «haqq» toplayan 10 nəfərlik qrupun üzünə İcra Hakimiyyətinin qapıları bağlanıb.
GUNDEMİNFO.AZ-a icra hakimiyyəti daxilindəki mənbələrdən verilən xəbərə əsasən hər ay 1000 manatlıq paket alan bu 10 nəfərlik qrup İ.Gülməmmədova tərəfindən dərhal «zərərsizləşdirilib». Bununla bağlı Zakir Fərəcova şikayət edən həmin adamların Sumqayıtın icra başçısından aldıqları cavab isə belə olub: «İradə xanımı dövlət başçısı o posta təyin edib. Özü kimlə işləmək istəsə onunla da işləyəcək».
İnformasiyaya görə, İradə Gülməmmədova həmin adamların yerinə öz doğma qardaşını köməkçi vəzifəsinə təyin etməklə, yaxın qohumlarını yerləşdirib. Və hazırda Abşeron rayonunda bütün obyektlərə nəzarəti də şəxsən öz əlində cəmləşdirib.
Bu yeni «əmlakçılar» qrupunun üzvləri ilə bağlı araşdırmalarımız davam edir. Onlar yeni icra başçısı adından sahibkarlara hansısa tələblər irəli sürüblərmi? Araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
6594 dəfə oxundu