Qaradağ rayonunda istilik problemi - İNSANLAR ZÜLMƏ MƏHKUM EDİLİB

Qaradağ rayonunda istilik problemi -


Havaların kəskin soyumasına baxmayaraq Bakı və Bakıətrafı qəsəbələrin bir çoxunda mənzillərdə hələ də istilik yoxdur.

Bununla bağlı Moderator.az-a tez-tez müxtəlif qəsəbə sakinləri tərəfindən müraciətlər daxil olur.

Bu dəfə də Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin bir qrup sakini mənzillərində istilik olmadığından narazılıq ediblər. Onlar bildiriblər ki, mənzillərini istiliklə təmin edəcək qazanxanaya “Azəriqaz” İB tərəfindən qaz verilmir. Havanın kəskin soyumasından sonra həmin mənzillərdə yaşamaq dözülmüz hala gəlib.
Sakinlər həmçinin bildirirlər ki, mənzillərinə istiliyinin verilməsinin qarşılığında “Azəriqaz” İB tərəfindən onlardan müəyyən məbləğdə vəsait tələb olunub. Və sakinlər də öz aralarında həmin məbləği toplayaraq vasitəçiyə veriblər ki, "Azəriqaz"a çatdırsın. Ancaq vasitəçi yığılmış vəsaiti mənimsəyərək “aradan çıxıb”. İndi sakinlər nə edəcəklərini, kimə müraciət edəcəklərini belə bilmirlər.

Sakinlər qeyd edirlər ki, yeganə çıxış yolumuz Respublika Prokurorluğuna müraciət etməkdir.

Məsələni aydınlaşdırmaq üçün ilk öncə “Azəristiliktəchizat” ASC-nin Qaradağ rayonu 10 saylı İstilik Sistemlərinin İstismar Sahəsi ilə əlaqə saxladıq. Sahədən Müşfiqabad qəsəbəsinin onların ərazisi olmadığını bildirdilər. Məcbur qalaraq “956” nömrəli qaynar xəttə zəng vurduq, mesaj qoyduq. Evlərinə istiliyin verilməsini səbirsizliklə gözləyən sakinlər kimi biz də “Azəristiliktəchizat” ASC Qaynar xəttindən bizə veriləcək cavabı gözləməyə məcbur qaldıq.

Daha sonra “Azəriqaz” İB-nin “185” nömrəli qaynar xəttinə zəng vurduq. 16 dəqiqədən çox gözləməyimizə baxmayaraq həzin melodiyanın sədaları altında dəstəkdən yalnızca bu sözləri eşitdik: “Operatorlar məşğul olduğu üçün xahiş edirik ki, bir qədər gözləyəsiniz. Siz gözləmə rejimində onuncusunuz”. Nəhayət ki, insafa gəlib cavab verən xanım bildirdi ki, o barədə heç bir məlumatları yoxdur və 521-26-48, 342-34-65 nömrələri ilə baş mühəndislə əlaqə saxlamağımızı məsləhət gördü. Dəfələrlə yığmağımıza baxmayaraq birinci nömrədən heç bir cavab ala bilmədik. İkinci nömrədən isə zəngimizə bir xanım cavab verdi. Telefona cavab verən tapıldığına görə sevinsək də bu sevinc uzun çəkmədi. Çünki "Qaynar xət"dən bizə verilən nömrə baş mühəndisin yox, Xırdalan qəsəbəsi M.Rəsulzadə küçəsi, ev 5, mənzil 7-də yaşayan Firuzə Alxasovanın mənzilinin nömrəsi idi. Təqaüdçü xanım haradan olduğumuzu biləndə onlara da kömək etməyimizi xahiş etdi. Xanım bildirdi ki, evdə soyuqdan donur. Dəfələrlə aidiyyati qurumlara müraciət etsələr də səslərinə səs verən olmayıb.

Buradan belə anlamaq olur ki, Müşfiqabad qəsəbəsinin istiliyə həsrət qalmış sakinlərinin, həmçinin Firuzə Alxasovanın ümidi yalnız Allaha qalıb. Çünki telefona cavab verməyən bir qurumdan qaz veriləcəyini gözləmək yəqin ki, mənasız olar...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
628 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...