İki iri məmurun səhlənkarlığı hər kəsi bezdirib - hətta nazirləri də

İki iri məmurun səhlənkarlığı hər kəsi bezdirib -


“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin “Azəriqaz” İstehsalat Birliyinə olan 3 milyon manat borcunu ödəməməsi səbəbindən vətəndaşlar evlərdə, şagirdlər məktəbdə, azyaşlı uşaqlar bağçalarda üşüyürlər.

Vəziyyət o yerə çatıb ki, paytaxt məktəblərində şagirdlər dərs zamanı palto, gödəkcə ilə oturmağa məcburdur. Bağçalarda körpələr donmasın deyə, valideynlər öz aralarında vəsait toplayaraq qızdırıcı almağa məcbur olub. Hələ müalicə üçün xəstəxanalara üz tutan və burada soyuq otaqlarda əlavə xəstəlik tapanları demirik...

Necə deyərlər iki dövlət qurumu bir-birilə didişməkdə, vətəndaş da donmaqda davam edir...

“Azəristiliktəchizat”ın abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev modern.az saytına növbəti açıqlamasında bildirib ki,problem qismən həll edilib. O qeyd edib ki, gün ərzində 50-60 qazanxanalara qaz verilməyə başlayır: “Azəriqaz” İstehsalat Birliyi danışıqlar əsasında qazanxanalara hissə-hissə qaz verməyə başlayıb. Danışıqlar davam etdirilir”.
R.Əliyevin “Əgər razılığa gəlinibsə, hansı səbəbdən bütün qazanxanalara verilən qaz bərpa edilmir” sualına cavabı belə olub: “Bizim əlimizdə olsa idi noyabrın 15-dən bütün evlər istiliklə təchiz edilərdi. “Azəriqaz”dan bildiriblər ki, qazanxanaların hamısına birdən deyil, qrafikə uyğun, mərhələli şəkildə qaz veriləcək. Bildiyiniz kimi, hökumətə də müraciət etmişik. Onlar da hər hansı şəkildə kömək edəcəklər. Bizim tərəfimizdən də “Azəriqaz”a ödənişlər edilir. “Azəriqaz” söz verib ki, dekabrın əvvəlinə qədər bütün qazanxanalar qazla təmin ediləcək”.

R.Əliyev həmçinin qeyd edib ki, istilik verilməyən ayların ödənişi abonentdən alınmayacaq: “İstilik verilməyən günlər nəzərə alınacaq. Yəni onsuz da istilik verilməyən gün üçün haqq tələb edilə bilməz. Əhali buna görə narahat olmasın”.
Maraqlıdır ki, nə şagirdlərin məktiəbdə donmasına Təhsil Nazirliyi, nə xəstələrin xəstəxanalarda üşüməsinə Səhiyyə Nazirliyi indiyədək hər hansı rekaksiya verməyib. Halbuki Mikayıl Cabbarov və Oqtay Şirəliyev məktəblərdə və xəstəxanalarda yaranmış ağır durumla bağlı çoxdan hərəkətə keçməli, bu problemi hər hansı formada yoluna qoymağa nail olmağa çalışmalı idilər.

Qeyd edək ki, Əkbər Hacıyevin rəhbərlik etdiyi “Azəriqaz”la Yaşar Həsənovun rəhbəri olduğu “Azəristiliktəchizat” arasında mübahisəli məsələnin hələ də yoluna qoyulmaması maraq doğurur. Daha bir maraq doğuran məqam odur ki, bu iki qurum öz aralarındakı borc çəkişməsini niyə vaxtında həll etməyə çalışmayıbar? Axı bunun üçün havaların soyumasını, vətəndaşların istiliyə ehtiyac duyduğu zamanı gözləməyə nə ehtiyac vardı?

Hər halda bunlar da aydınlıq gətirilməli, cavab verilməli suallardır. Böyük ehtimalla bu həftə ərzində də məlum problem həllini tapmazsa, həm vətəndaşların narazılığı böyüyəcək, həm də məsələ ətrafında ajiotaj artaraq hökumətin sərt müdaxiləsini qaçılmaz edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
446 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...