Mingəçevirdə sahibkarlara necə zülm edirlər İCRA BAŞÇISI KİMƏ ARXAYINDIR?

Mingəçevirdə sahibkarlara necə zülm edirlər


Prezident İlham Əliyevin son müşavirədəki sərt çıxışı Mingəçevirdə icra başçısı və vergi məmurlarına ibrət dərsi olmayıb. Şəhərin meri Niyazi Bayramov və 11 saylı Ərazi Vergilər İdarəsi məmurları sahibkarları sıxışdırmaqda davam edir. Şəhər rəhbəri ölkə başçısının son fərmanını, sahibkarlarla bağlı tapşırıqlarını eşitməzdən gəlir. Narazı olan iş adamlarının yaxın günlərdə Bakıya yürüş edəcəyi və Prezident Administrasiyasından kömək istəyəcəyi gözlənilir.

Sahibkarlıqla məşğul olan şəxslər 11 saylı Ərazi Vergilər İdarəsindən və onlarla əlbir olduğu iddia edilən icra başçısından narazılıq edirlər. Redaksiyamıza verilən məlumata görə, aylıq 20-25 manat vergi ödəyən sahibkarlardan 70-75 manat əlavə haqq tələb olunur. Yevlax-Mingəçevir bölgəsində sahibkarların sıxışdırılması vergi faiz dərəcələrinin gələn ildən artırılması göstərilir. Vergilərin 2% dən 6 % -ə qədər qalxacağını deyən idarə işçiləri sahibkarları hədələməkdən belə çəkinmir. Bu da sahibkarların narazılığına səbəb olur.

Məlumatı verən sahibkarlar deyirlər ki, ilin əvvəlində, ortasında və sonunda gələn müfəttişlərin onlardan vergi adı ilə aldıqları pulu hesabladıqda ilboyu qazanclarını Departament rəislərinə verdikləri ortaya çıxır. Ətraf rayonlardan Yevlaxa gələn şikayətçilərin sözlərini isə eşidən yoxdur. Onların bildirdiyinə görə, idarə rəhbərliyi vətəndaşları qəbul etməkdən belə imtina edir.

Məlumatda o da deyilir ki, Mingəçevirə ayrılmış 2 milyon manat məbləğində vəsaitin hara xərcləndiyi bilinmir. Niyaz Bayramov Mingəçevir İcra Hakimiyyətinin yerləşdiyi yerin arxasındakı Dostluq parkının 400 kvadrat metrdən çox ərazisini dövlət hesabına təmir etdirib. Daha sonra həmin ərazini öz şəxsi mülkiyyəti kimi sahibkarlara satıb. Parkın satılan ərazisində isə 30-dan artıq ağac məhv edilib. Niyazi Bayramov dövlət parkının 1 kvadratmetrini 250 manata sataraq, 100 min manat əldə edib.

Mingəçevir İcra Hakimiyyətinin əli ilə şəhərdə guya həyata keçirilən tikinti, yaşıllaşdırma, parkların və xiyabanların salınması, təmiri və abadlaşdırılması kimi işlərin həyata keçirilməsi üçün milyonlarla manat maddi vəsait ayrılıb. Amma əslində, həmin işlər sahibkarlara gördürülüb. Misal üçün, ötən il Mingəçevirdə yerləşən "Sahil” və "Heydər” parklarının təmirinə 1 milyon yarım manat vəsait ayrılmışdısa, həmin maliyyə vəsaitinin böyük hissəsi mənimsənilib. Niyazi Bayramovun pul toplamaq məcaraları bununla bitmir.

Niyazi Bayramov yaxınlarının adına bir çox sayda MMC-lər açıb müxtəlif sayda maliyyə maxinasiyalarına əl ataraq, külli miqdarda vəsait əldə edirmiş. İcra başçısı "Lider Monolit MMC” ni yaxınların adına yazdıraraq əldə etdiyi vəsaiti onunla əlbir işləyən məmurlarla birlikdə bölüşdürüb. Eləcə də dövlət müəssisələri olan Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi, Mənzil Kommunal Təsərrüfatı Kombinatı, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarələrini olduqca mahir üsula əl ataraq, "Fərdi Yaşayış Məntəqələrinə Xidmət” idarəsi vasitəsi ilə, heç bir dövlət strukturunun nümayəndəsinin ruhu belə duymadan realizə edir.

Bundan əlavə, dövlət yerlərini sata-sata gedən icra başçısı Kür çayı ətrafındakı əraziləri də olduqca böyük vəsaitə satdığı da bildirilir. Araşdırmalarımız davam edir.(vizual)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1034 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...