“Ramiz Mehdiyev məni qəti şəkildə maraqlandırmır” – Şair

“Ramiz Mehdiyev məni qəti şəkildə maraqlandırmır” –

Şair Vaqif Bayatılı Odərlə müsahibəni təqdim edirik.

- Vaqif bəy, uzun müddətdir mətbuatda görünmürsünüz. Bu dövrdə bir çox ciddi siyasi proseslər baş verib, xeyli nazir vəzifəsindən azad olunub, yerinə gənclər təyin edilib. Məsələn, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev işdən çıxarılıb, daha sonra karantin qaydalarını pozaraq nəvəsinə toy məclisi qurub və bu, ölkə daxilində ciddi müzakirələr doğurub. Hadisələri izləyirsinizmi?

- Açığı, mənim üçün bunun fərqi yoxdur. Çıxarıblarsa, yaxşı ediblər. Heç o adamı tanımıram. Nə istəyirlərsə eləsinlər, əsas odur, camaatımız yaxşı yaşasın, cəmiyyətdə ədalət olsun, hamı-hamını sevsin. Məni şair kimi daha çox maraqlandıran sevgidir, insanlarımızın bir-birini sevməsidir. Hamını sevdirmələr və sevgilər içində görmək istəyirəm.

Ramiz Mehdiyev məni qəti şəkildə maraqlandırmır. Mən bu adamı həyatda heç vaxt görməmişəm. Təsadüfən televiziya kanallarında gözümə sataşıb. Mehdiyev mənim üçün maraqlı adam deyil.

- Mehdiyev türkçülərin daim diqqətində olub, belə fikir səsləndirilib ki, o, türkçülüyə qarşıdır...

- İnsanların fikirləri fərqlənə bilər. O adam mənə qəti maraqlı deyil. Bineyi-qədimdən türkçülük əleyhinə bir xətt olub. Əslində düşünürəm ki, türkçülüyə qarşı əsas özümüzük. Onu kifayət qədər müdafiə edə bilmirik. O cür böyük tarixi təqdim edə, qədim türk siyasətini, tarixini, etnoqrafiyasını görə bilmirik. Günah öz türklərimizdədir, bizdədir. Bu məsələdə ən böyük günahkar mənəm...

- Niyə məhz siz?

- Hesab edirəm ki, mən çox işlər görə bilərdim, amma görməmişəm. Demək olar ki, heç nə etməmişəm. Halbuki çox işlər görə bilərdim. İkinci günahkar Oljas Süleymenovu sayıram. Çünki o daha böyük işlər görə bilərdi, amma etmədi, bu işin arxasınca düşmədi.

- Siz də, elə böyük Oljas Süleymenov da nədən bu işin arxasınca getmədiniz və ya getmək istəmədiniz?

- Əslində mən həmişə bu işin içindəyəm. Mənim başqa heç nəyim yoxdur. Özümdən, türk mədəniyyətindən, türk ruhundan və dilindən savayı heç nəyim yoxdur... Olanımı hamıya paylamağa çalışmışam.

Onu da əlavə edim ki, bu dünyada məni heç bir düşmən maraqlandırmır. Düşmənlər özləri bilər. Mən heç kəsi düşmən saymıram. Həm də bilmək lazımdır ki, düşmən olmaq üçün böyük güc olmaq lazımdır. Mən güclü bir düşmən tanımıram. Nəhayətdə ola bilsin, ən böyük düşmən mənəm ki, bütün gücümü qoya, türklüyü bütün dünyaya qaldıra bilməmişəm. Yəni türküyün qələbə çalmasına nail ola bilməmişəm.

- Tovuzda erməni təxribatından sonra Azərbaycana türk ordusunun gəlişi, burada hərbi təlimlər keçməsini müşahidə etdik. Bu məsələyə münasibətiniz necədir?

- Lap əladır, mənim arzuladığım bir şeydi. İstəyir lap Tuva, Amerika türkləri gəlsin... Çox gözəl, gəlsinlər, bütün türklər birləşsin və düşmənimizə qarşı olaq. Bu birliyi gözləyirəm və Allaha dua edirəm.

- Belə bir birliyin olacağına inanırsınızmı, sizcə, bu, utopik ideya deyilmi?

- Yox. Allah bir ideyanı, bir toplumu yaradıbsa, bizim kimi adamlar varsa, deməli, bu ideya mütləq bir gün reallaşacaq. Sözsüz, bizdən sonra gələn, bu ideyanı yaşadanlar da olacaq, mütləq olacaq. Həmişə gözəl ruhlu olmaq lazımdır. Allah hər zaman işləri ədalətlə başa çatdırır və türklük özü də ədalət və sevgi deməkdir.

- Türk ölkələrində türklüyə qarşı çıxan, başqa ölkələrin maşası kimi çıxış edənlər də var. Bu məqam sizi narahat etmir ki?

- Türk əleyhdarları həmişə olub, bundan sonra da olacaq. Tarix deyir ki, kim güclüdürsə, onun paxıllığını çəkənlər də olur. Söhbət məxsusi türklərdən, türkçülükdən getmir. Kim güclüdürsə, qalanlar ona qarşıdır. Məsələn, bu saat dünyada ən böyük güc Amerikadır, amma hamı Amerikaya qarşıdır. Əgər türkə qarşı düşmənlər, maşalar meydana çıxırsa, bu, türkün güclü olmasına dəlalət edir.

Yetim-yesirin düşməni olduğuna heç vaxt rast gəlmədim. Türk nə qədər güclü olsa, o qədər də düşməni olacaq. Ən böyük məsələ yuxarı qalxmaq və güclənməkdir. O qədər güclü olmaq lazımdır ki, səni endirmək istəsələr də, aciz qalsınlar.

- Hazırda Türkiyə bir dövlət olaraq Liviyada, Suriyada hərbi addımlar atır, Şərqi Aralıq dənizində xüsusi fəallıq nümayiş etdirir. Münasibətiniz necədir?

- Hadisələri çox böyük həyacanla izləyirəm və hesab edirəm ki, Türkiyə böyük uğulara nail olacaq. Deyərdim ki, artıq nail olub. Müşahidəm budur ki, Türkiyə Dağlıq Qarabağ məsələsində də güc göstərir və mənə elə gəlir, bu problemin həllinə də köməyi dəyəcək. Hərbi hazırlıqlardan tutmuş türk ruhuna qədər, lazım gələndə müdaxiləyə, savaşa qədər.

- Hazırda ictimai rəydə "türk ordusu Azərbaycanda qalmalıdırmı, yoxsa getməlidir” mövzusu müzakirə olunur. Sizin bu məsələyə yanaşmanız necədir?

- Türk ordusu buradan nə getməlidir, nə də burda qalmalıdır. Çünki bura türk torpağı, həm də türk ordusunun vətənidir. Necə ki Türkiyə mənim-bizlərin vətəndir. Əsgər öz evinə gəlib. Əsgərin öz evindən getməlidir-getməli deyil mövzusunu müzakirə etməyin özü gülməlidir.

Həm də unutmayaq ki, 1918-ci ildə də belə bir ordu vətənə gəlib. Son 100 ildə ikinci dəfədir. Həmişə burada olublar və olacaqlar. 1918-ci ildə bura gələnlərin ruhu burada yaşayıb. Bura onların da evi, ocağıdır.

- Sizcə, indi türkçülük inkişaf istiqamətində gedir, yoxsa?..

-Türkçülük hər zaman inkişafdadır. Harda bir türk ruhu, bir türk sözü yaşayırsa, orda türklük də var. Unudulmamalıdır ki, bir adam bəzən bir orduya bərabərdir.

- Sanki baş verənləri müşahidə edirsiniz, amma bu barədə ətraflı danışmaq istəmirsiniz...

- Nizaminin, Füzulinin dövründə də siyasətçilər olub. Bu gün Nizaminin, Füzulinin adı çəkilsə də, həmin siyasət adamlarının adı ortada yoxdu. Dünyaya bir qədər başqa cür baxmaq lazımdı. Onu bilirəm ki, mən Azərbaycanın ən zəif, dünyanın ən güclü şairiyəm.Teleqraf



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
957 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...