Sabiq təhlükəsizlik naziri indi bağbanlıq edir - UNUDULAN MƏMURLAR

Sabiq təhlükəsizlik naziri indi bağbanlıq edir -

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə Azərbaycanın sabiq milli təhlükəsizlik naziri general-polkovnik Namiq Abbasovdan bəhs edəcəyik.

Namiq Abbasov 1940-cı il fevralın 22-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. O, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1962-1976-cı illərdə "Abşeron" qəzetində rəhbər vəzifədə çalışıb. 1970-ci ildən partiya işinə keçib, Abşeron rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsində çalışıb.

Namiq Abbasov 1977-ci ildən təhlükəsizlik orqanlarında fəaliyyətə başlayıb. 1979-cu ildə SSRİ DTK-nın Ali Məktəbini bitirib, şöbə rəisinin müavini, şöbə rəisi, Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəso sədrinin müavini kimi vəzifələrdə işləyib.

1992-ci ildə Azərbaycan Milli Təhlükəsizlik nazirinin müavini təyin edilib. Daha sonra nazirin birinci müavini vəzifəsinə irəli çəkilib.

Heydər Əliyev hakimiyyətə gəldikdən sonra general N.Abbasov sabiq nazir Nəriman İmranovun vəzifədən getməsi ilə nazir təyin edilib. Bu, 1995-ci ilin martında baş verib.

N.Abbasov 1995-ci ilin martından 2004-cü ilin iyulunadək milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.

Nazir postundan azad ediləndən sonra, 2004-cü il dekabrın 16-dan 2012-ci il oktyabrın 31-ə kimi Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri postunda çalışdı. Səfir vəzifəsini tərk edəndən sonra təqaüdə çıxıb. 2012-ci il oktyabrın 31-də Prezident İlham Əliyev Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Namiq Abbasovun vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb.

Səfir vəzifəsini tərk edəndən sonra təqaüdə çıxan Namiq Abbasov hazırda Bakıdadır. 81 yaşlı təqaüdçü indi vaxtını bağ evində əkib-becərdiyi çiçəklərə, güllərə, ağaclara qulluq etməklə keçirir.

Ailəlidir, 2 övladı var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
762 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...