Azər Ağayevin adı tükürpədən oğurluq hadisəsində çəkilir

Azər Ağayevin adı tükürpədən oğurluq hadisəsində çəkilir


Əvvəlki saylarımızda Salyan rayonunda fəaliyyət göstərən "Samir şirkəti" MMC-nin rəhbəri, iş adamı Azər Ağayevlə bağlı bir sıra maraqlı faktları oxucularımızın diqqətinə çatdırmışdıq. Bildirmişdik ki, Salyanın Qarabağlı, Kərimbəyli və Yolüstü kənd və qəsəbələrində geniş ticarət, restoran biznesi ilə məşğul olan iş adamı bir qrup kənd sakinini öyrədərək "Salyan Oil Ltd" əməliyyat şirkətinin bu ərazidə fəaliyyət göstərən ofisi önündə etiraz aksiyası keçirməsini təşkil etdirib:
"O "Salyan Oil Ltd" əməliyyat şirkətinin balansında olan neft-qaz ərazilərində, yəni Salyan-Şirvan şossesinin kənarından keçən neft-qaz borularının üzərində "Azəri" şadlıq evi, restoran-kafe, ticarət mərkəzləri və super-marketlər inşa etdirib.


Bu obyektlərin əksəriyyəti iş adamının oğlu Samir Ağayevin adına rəsmiləşdirilib. Bundan əlavə, sahibkar Kərimbəyli kəndi ərazisində yerləşən və "Salyan Oil Ltd" əməliyyat şirkətinin balansında olan süni gölü də rəhmətə getmiş bələdiyyə sədrinin imzası ilə saxta formada rəsmiləşdirib, aidiyyəti təşkilatlara təqdim edən zaman ifşa olunub. "Salyan Oil Ltd" əməliyyat şirkətinin, eləcə də rayon icra hakimiyyətinin bir neçə dəfə etdiyi xəbərdarlığa baxmayaraq, həmin ticarət və iaşə obyektləri fəaliyyətini hələ də davam etdirir". Dünən isə iş adamının fəaliyyəti ilə bağlı redaksiyamıza yeni və çox ilginc məlumatlar daxil olub. Azər Ağayevi yaxından tanıyan şəxslərdən birinin verdiyi məlumatda deyilir ki, bu insan əvvəllər Salyan rayonunun Qarabağlı bələdiyyəsinin sədri işləyib: "Qarabağlı rayonun ən böyük kəndlərindən biri hesab edilir.

Salyanın münbit və əlverişli torpaq sahələrinin əsas hissəsi məhz bu kəndin payına düşür. Azər Ağayev uzun müddət kənd bələdiyyəsinin sədri işləyib. Amma onun bələdiyyə sədri kimi fəaliyyəti heç də müsbət, ürəkaçan olmayıb. Çünki ancaq özü üçün işləyib. Belə ki, iş adamı bələdiyyəyə rəhbərlik etdiyi vaxtlarda qurumun balansındakı torpaq sahələrini qanunsuz olaraq satıb, bir hissəsində isə özünə geniş biznes şəbəkəsi yaradıb. Onun bələdiyyəyə sədrlik etdiyi illər araşdırılsa, dəhşətli qanunsuzluqların, saxtakarlıqların üstü açılmış olar. İş adamına məxsus obyektlərin, məsələn "Samir" şirkətinin, super marketlərin, şadlıq sarayının yerləşdiyi ərazidən qaz boruları və neft kəmərləri keçir. Bu obyektlərin sənədləri qaydasında deyil". Mənbənin sözlərinə görə, Salyan Rayon İcra Hakimiyyətinin rəsmiləri bir müddət əvvəl "Samir" şirkətinin fəaliyyətinə qadağa qoyublar. Amma çox xahiş-minnətdən sonra müəssisənin fəaliyyəti bərpa edilib: "Bu şirkətdə qanunsuzluq, özbaşınalıq ən pik səviyyəyə çatıb. MMC-də təxminən 100-ə yaxın insan işləyir. Onlardan heç birinin əmək müqaviləsi, sosial sığortası yoxdur. Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları müəssisədə mövcud olan neqativ işlərdən xəbərdardır.

Buna baxmayaraq, heç bir önləyici tədbir həyata keçirmirlər. Çünki şirkətin rəhbəri hər ay xidmətin işçilərinin "payı"nı çatdırır. Bu səbəbdən müəssisədə işçilərin hüquqlarının və əmək qanunvericiliyinin tələblərinin pozulması hallarının üstü ört-basdır edilir. Neçə dəfə iş prosesi zamanı fəhlələr ağır xəsarət alıb. Sahibkar hər dəfə həmin hadisələri hüquq-mühafizə orqanlarından gizlətməyi bacarıb. Digər tərəfdən, "Samir şirkəti" MMC-nin vergi ilə bağlı böyük problemləri var. Şirkətin büdcəsinə il ərzində külli miqdarda vəsait daxil olur, amma dövlətə lazımi miqdarda vergi keçirilmir. Şirkətin sahibi bəzi nüfuzlu şəxslərin adından istifadə etməklə qanundan kənar əməllərini pərdələməyə çalışır". Məlumatlı mənbənin iddiasına əsasən, illər öncə Azər Ağayevin adı xoşagəlməz hadisədə çəkilib: "O vaxtlar Rusiyanın Tümen vilayətinin Nijnivatovski şəhərində uşaqların xaç suyuna salınması mərasimi zamanı keşişin 7 kiloqramlıq qızıl xaçı oğurlanıb. Həmin hadisədə Azər Ağayevlə köhnə dostu Bayramın adı çəkilib. Maraqlıdır ki, oğurluq hadisəsindən 3 gün sonra Bayram adlı şəxs müəmmalı şəkildə itkin düşüb.

Yaxınları bu günə qədər hələ də onu axtarırlar, yerini tapa bilmirlər. Deyilənə görə, Bayram adlı şəxs itkin düşən günə qədər Azər Ağayevlə bir yerdə olub". "Samir şirkəti" MMC-nin sahibi ilə bağlı redaksiyamıza daxil olan məlumatlar bununla bitmir. Növbəti saylarımızda Qarabağlı kəndindəki xanımın kimliyinə, Azər Ağayevin milyonları hansı yolla qazanmasına və hansı vəzifəli şəxslərin adından istifadə etməsinə aydınlıq gətirəcəyik. Bizi izləyin. Bu arada, iş adamının barəsində istintaq orqanlarına şok dosyenin təqdim edildiyi bildirilir. İddialara görə, yaxın günlərdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları Azər Ağayevin barəsində müvafiq tədbir görə bilərlər.\\gundelikbaku\\
Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1073 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...