“İdarətmə strukturunda təkmilləşdirilmələrin aparılması vacibdir” – Azər Badamov

“İdarətmə strukturunda təkmilləşdirilmələrin aparılması vacibdir” –

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. Ölkə başçısı həmin iclasda dövlət idarəetmə orqanlarında islahatların olacağı anonsunu verdi.

Prezident qeyd etdi ki, indi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır: “Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”.

Bundan 3 gün sonra yəni, yanvarın 14-də ölkə başçısı fərman imzaladı. Bir neçə dövlət qurumu ləğv edildi və ya başqa bir qurumun tərkibinə verildi.

Millət vəkili Azər Badamov hafta.az-a açıqlamasında bildirdi ki, indiki dövrdə Azərbaycanda idarətmə strukturunda təkmilləşdirilmələrin aparılması vacibdir. Cənab prezidentin sədrliyi ilə keçirilən 2018-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında da ölkə başçısı toxunmuşdu. Orada qeyd olunmuşdu ki, həddən artıq şişirtməyə yol vermək olmaz: “Müəyyən strukturların, əvəz olunan strukturların artırılması, eləcə də struktur xərclərinin çoxaldılması, strukturların özünün şişirdilməsi idarəetməni yaxşılaşdırmır. Ona görə də dünyada qəbul olunub ki, indiki dövrdə az işçi ilə daha da effektiv idarəetmə həyata keçirilməlidir. Ölkə başçısının müvafiq fərmanı da bu istiqamətdə atılan addımlardan biridir”.

Millət vəkili bildirib ki, şərt işçilərin, strukturların çox olması deyil. Ona görə də idarəetməni çevik şəkildə həyata keçirən strukturların yaradılması daha əsasdır: “Cənab prezidentin bəzi strukturların birləşdirilməsi, ləğvi ilə bağlı imzaladığı fərman da bu məqsədə xidmət edir. Bu da çox təqdirəlayiqdir. Eyni funksiyanı yerinə yetirən dövlət strukturlarının bir yerdə cəmləşməsi, artıq strukturların ləğv olunması, ştatlarda ixtisarların aparılması vacibdir. Bu həm bürokratizmi aradan qaldırar, həm də idarətmənin daha operativ, daha çevik şəkildə təşkilində xüsusi rol oynayar. Demək istəyirəm ki, bu fərman idarəetmə strukturlarının təkmilləşdirilməsində xüsusi rol oynayacaq. Yenə də müəyyən qurumlarda təkmilləşdirilmənin aparılmasına ehtiyac var. Lazımdır. Düşünürəm ki, bu cür fərmanlar bundan sonra da veriləcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
528 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...