Azərbaycanda "İstilik təchizatı haqqında" qanun qəbul edilə bilər
"Azərbaycanda "İstilik təchizatı haqqında" qanun layihəsinin hazırlanması gözlənilir.
"Report" xəbər verir ki, bunu "Azəristiliktəchizat" ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.
"Bu gün bizim fəaliyyətimizin tənzimlənməsi üçün birbaşa normativ-hüquqi akt yoxdur. Artıq istilik enerjisindən istifadə qaydaları azırlanıb. Hüquqi ekspertizadan keçib və yəqin ki, yaxın vaxtlarda Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunacaq. Burda istiliyə aid bütün məsələlər öz əksini tapıb. Tarifin tətbiq olunma dairəsi, yaşayış sahəsi və ümumi sahəyə görə tarifin tətbiq edilməsi istilik təchizatı müəssisəsinin vəzifə və səlahiyyətləri, hüquqları, istehlakçının hüquqları kimi məsələlər həllini tapacaq. Biz bu gün vətəndaşı məhkəməyə verə bilmirik, çünki aramızda müqavilə yoxdur. Müqavilənin də olmamasının səbəbi onu tənzimləyən qaydaların olmamasıdır. Bu qayda olandan sonra bizdə tamamilə.başqa istiqamətdə iş gedəcək. Biz bütün mənzilləri inventarizasiya etməyə başlayacağıq, yaşayış sahəsi və ümumi sahəsinin nə qədər olduğunu təyin edəcəyik, fərdi müqavilələr bağlayacağıq", - deyə o, qeyd edib.
"Bəzi məsələlər də var ki, onlar qayda ilə deyil, ölkənin qanunvericilik aktları ilə tənzimlənməlidir. Energetika Nazirliyi təklif etdi ki, "İstilik təchizatı haqqında" qanun layihəsi hazırlanıb təsdiq olunsun. Bu məsələ hazırda təklif formasındadır. Qanunun işlənməsi üçün ölkə başçısının sərəncamı olmalıdır. İlkin araşdırmalar başa çatıb, bu qanunun hazırlanmasının zəruriliyi sübut olunub", - deyə İ.Mirzəliyev əlavə edib.
1949 dəfə oxundu