Seymur Orucov müsavatçı gəncləri YAP-a dəvət etdi
YAP Gənclər Birliyinin sədri: “Gəlsinlər, görsünlər, partiya necə olmalıdır”
“Müsavat Partiyası faktiki olaraq idarə olunmur. Bu partiya ölkədəki orta səviyyəli qeyri-hökumət təşkilatından da zəif durumdadır”.
Bu sözləri Editor.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov söyləyib.
Onun sözlərinə görə, Müsavat Partiyası bir qrup şəxsin varlanmasına xidmət edən bir partiyadır:
“Son hadisələr bir daha göstərdi ki, Müsavat Partiyasının rəhbərliyi üçün heç bir mənəvi dəyər qalmayıb. Onlar illərdir bu partiya uğrunda can qoyan, hətta qanunsuz hərəkətlərə təşviq etdiyi üzvləri bir anda silə bildilər. Biz illərdir deyirdik ki, İsa Qəmbər və Arif Hacılı üçün üzvlər yalnız öz şəxsi maraqlarını həyata keçirmək, daha çox qrant almaq üçün vasitədir. İndi artıq müsavatçıların özləri də bunu etiraf edir. O yerdə ki, həqiqət arxa, yalan ön plana keçdi, həmin yerdə birlik ola bilməz. Bu partiyanın istər rayon təşkilatlarında, istərsə də Gənclər Təşkilatında heç bir konfrans legitim olmayıb. Saxta yollarla, sifarişlə rəhbərliyə yaxın şəxslər rayon təşkilatlarına və Gənclər Təşkilatına rəhbər təyin olunublar. Hesab edirəm ki, Müsavat Partiyası artıq tarixə qovuşub və bu gedişlə partiya daha biabırçı və rəzil duruma düşəcək”.
Müsavatçı gəncləri YAP-a dəvət edən Seymur Orucov bildirdi ki, artıq haqq yoluna qayıtmağın zamanıdır:
“Mən onları həqiqətin gözünə dik baxmağa, həqiqətin yanında olmağa, Yeni Azərbaycan Partiyasına üzv olmağa dəvət edirəm. Gəlsinlər, görsünlər, partiya necə olmalıdır”.
1450 dəfə oxundu