Türkiyə Rusiya neftindən imtina edəcəkmi?

Türkiyə Rusiya neftindən imtina edəcəkmi?
Qərb qəti mövqe ortaya qoyarsa, Ankaranın bu əməkdaşlıqdan çəkiləcəyi ehtimalı yüksəkdir
Bir neçə gün öncə Donald Trampla görüşdə ABŞ lideri həmkarı Rəcəb Tayyib Ərdoğanı Rusiya neft-qazından imtinaya çağırdı. Az sonra açıqlanan məlumatdan aydın oldu ki, sentyabrda Türkiyə Rusiyadan neft alışını kəskin azaldıb. Aydındır ki, bu azalma ayın sonlarında baş tutan Tramp-Ərdoğan görüşündən əvvəl başlayıb. Bunun səbəbi nədir? ABŞ və Aİ Trampın Rusiyadan neft və yanacaq alışını dayandırmaq tələbini sanksiya halına gətirərsə, Türkiyə necə davranacaq? Sualların cavabı son 3 ildə Türkiyənin Rusiya ilə enerji əməkdaşlığı dinamikasında, Ankaranın sanksiyalarla bağlı davranışlarındadır.

Bildirək ki, Türkiyənin Rusiyadan neft və neft məhsulları idxalı 2022-ci ildən etibarən kəskin artıb. Ondan əvvəl bu idxalda Rusiyanın yeri 3-4-cü olub. İlk yerlərdə neftdə İraq, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Nigeriya, neft məhsullarında isə Hindistan və Yunanıstan olub.

Lakin 2022-ci ildən Ukraynadakı işğalçı müharibəyə görə Avropa bazarından əli çıxan Rusiya digər istiqamətlərdə kəskin qiymət endirimlərinə gedib. Nəticədə, Türkiyə bu ölkədən alışlarını dəfələrlə artırıb. Belə ki, 2023-cü ildə Türkiyənin neft və neft məhsulları idxalında Rusiyanın payı 51 faiz olub. 2024-cü ildə bu pay 66 faizə çatıb. Qaz təminatında isə göstərici 41 faizdir.

Ötən il Rusiya Türkiyəyə 2023-cü ildəkindən demək olar ki, 1,6 dəfə çox - 16,94 milyon ton neft ixrac edib. İraq və Qazaxıstandan alışlar iki dəfə azalaraq müvafiq olaraq 4,74 milyon ton və 2,95 milyon tona düşüb. Səudiyyə Ərəbistanı tədarükləri 16,5 faiz azaldaraq 1,6 milyon ton, Nigeriyanın tədarükləri 14,4 faiz azaldaraq 925.000 ton təşkil edib.

Rusiya Türkiyənin dizel yanacağı idxal strukturunda da üstünlük təşkil edib və 2024-cü ildə tədarükünü 11,1 faiz artıraraq 11,35 milyon tona çatdırıb. Əsasən Rusiyadan aldığı neftdən dizel istehsal edən Hindistan keçən il Türkiyəyə bu yanacağın ixracını 27,2 faiz artıraraq 571.000 tona, Misir 1,9 dəfə artıraraq 475.000 tona çatdırıb.

2023-cü ilin fevralında Aİ Rusiyadan neft məhsullarının idxalına qadağa qoyub. Ondan sonra bu məhsulların Türkiyədən idxalında kəskin artım qeydə alınıb. Xarici mətbuat dəfələrlə Türkiyənin neft məhsullarını (əsasən dizel yanacağı) Rusiyadan alaraq, öz məhsulu kimi Avropaya satdığına dair materiallar yayıb. Lakin Türkiyə tərəfi bunu qətiyyətlə təkzib edib. Məsələ burasındadır ki, Türkiyə ucuz Rusiya yanacağını alıb daxili tələbatın ödənməsinə yönəldir, əsasən ucuz Rusiya neftindən emal etdiyi öz məhsulunu isə Avropaya ixrac edir. Beləliklə, həm ölkə daxilində qiymətlərin düşməsinə, həm də ixrac gəlirlərinin artmasına nail olunur.

Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, 2024-cü ilin 12 ayında Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsi 52,6 milyard dollar olub ki, bunun da 44 milyard dollarını Rusiyanın ixracı, 8,6 milyard dollarını isə Türkiyənin ixracı təşkil edib. 2023-cü ildə Türkiyənin Rusiyaya ixracı 2022-ci illə müqayisədə kəskin artmışdı. Buna Avropa İttifaqının əksər texnoloji məhsulların Rusiyaya satışını dayandırması səbəb olmuşdu: Türkiyədə müəyyən şirkətlər həmin məhsulları alaraq paralel idxal kimi Rusiyaya satırdılar. Lakin 2023-cü ilin ikinci yarısı, 2024-cü ilin əvvəlindən başlayaraq Aİ qadağan olunan məhsulların Rusiyaya reixracına kəskin nəzarət sistemi qurdu. ABŞ-nin də yaxından dəstəyi, ABŞ Maliyyə Nazirliyinin Ankara ilə danışıqları nəticəsində Türkiyədən Rusiyaya belə ixrac minimuma düşüb. Hazırda Türkiyə yalnız öz texnoloji məhsullarını Rusiyaya ixrac edir.

Rusiyadan neft və yanacaq alışı sahəsində yüksəliş 2025-ci ilin əvvəlindən azalma ilə əvəz olunub. Buna Co Baydenin hakimiyyətdən getdiyi ərəfədə - yanvarın 10-da Rusiya neft və neft məhsulları ixracına böyük zərbə vuran sanksiyalar tətbiq etməsi səbəb olub. Nəticədə, fevral ayında Türkiyənin Rusiyadan neft idxalında 4 dəfəyə yaxın azalma qeydə alınıb.

Türkiyə Ticarət Nazirliyinin məlumatına görə, 2025-ci ilin birinci rübündə Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi pul ifadəsində 5,5 faiz azalaraq 13,3 milyard dollara düşüb. Bu zaman Türkiyədən Rusiyaya mal ixracı 20 faiz azalaraq 1,6 milyard dollar olub. Rusiya Türkiyəyə 11,6 milyard dollar dəyərində mal göndərib (3,1 faiz azalıb).

Türkiyə Ticarət Nazirliyinin statistikasına əsasən 2025-ci ilin yanvar-may aylarında Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi 6,6 faiz azalaraq 21,1 milyard dollar təşkil edib. O cümlədən Türkiyədən Rusiyaya malların ixracı 21,6 faiz azalaraq 2,7 milyard dollar olub. Rusiyadan idxalda isə 3,9 faizlik azalma qeydə alınıb, idxal 18,4 milyard dollar təşkil edib.

Xarici Ticarət Statistikasına görə, Türkiyədən Rusiyaya ən çox dəyər azalması avadanlıq və ehtiyat hissələri (36 faiz azalma) və yerüstü nəqliyyat vasitələrində (64 faiz azalma) olub. Bununla belə, dəniz məhsulları ixracı 15 faiz artıb.

Rusiyadan Türkiyəyə ixracda azalma isə əsasən neft və neft məhsulları üzrə olub. Təkcə 2025-ci ilin may ayında Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi 23,2 faiz azalaraq 3,8 milyard dollar olub. O cümlədən, Türkiyədən Rusiyaya malların daşınması 29,3 faiz azalaraq 553,5 milyon dollar, Rusiyadan Türkiyəyə ixrac 14 faiz azalaraq 3,3 milyard dollar olub.

Maraqlıdır ki, sentyabrın əvvəlində Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısında Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanla görüşən Rusiya Prezidenti Vladimir Putin bildirib ki, bu ilin ilk altı ayında Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi 3 faiz artıb: “Biz Türkiyəyə həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq arenada etibarlı, zamanın sınağından çıxmış tərəfdaş kimi baxırıq. Biz ticarət-iqtisadi əməkdaşlığın dinamikasından razıyıq”.

Putin bu açıqlamanı Ağ Ev administrasiyası - şəxsən Donald Tramp Aİ və NATO ölkələrinin Rusiyadan neft və neft məhsulları alışını davam etdirməsinə qarşı kəskin çıxışlarının başlaması fonunda verib. Belə görünür ki, Putin ABŞ-nin tələblərinin yarada biləcəyi problemləri önləməyə çalışıb.

Qeyd edək ki, Ankaranın atdığı addımlardan hiss olunur ki, Türkiyə Rusiya neft-qazından tamamilə imtina halına ciddi şəkildə hazırlaşır. Bunun üçün iki istiqamətdə iş aparılır: digər mənbələrin neft təminatında payı artırılır; təbii qaz təminatı ilə bağlı Rusiyadankənar çoxsaylı şirkətlərlə müqavilələr imzalanır. Türkiyənin ən böyük enerji şirkəti olan TUPRAS Braziliya, Qayana, Nigeriya, Qazaxıstan kimi ixracatçılarla əməkdaşlığı genişləndirir. Digər tərəfdən, Qərb şirkətlərinin iştirakı ilə İraq Kürdüstanından Kərkük-Ceyhan boru kəməri ilə neftin nəqli bərpa olunur. Bu kəmərlə nəql 2023-cü ildə dayandırılmışdı - məhkəmə mübahisələri üzündən. İndi ABŞ-nin də yaxından iştirakı ilə mübahisəli məsələlər həllini tapır.

Yeri gəlmişkən, sentyabrda Türkiyə Rusiyadan 1.2 milyon ton neft alıb ki, bu da iyundakı 1,6 milyon tondan 25 faiz azdır.

Türkiyə həmçinin Rusiyadan qaz alışının dayanması variantı üçün ciddi hazırlıqlar həyata keçirir. Son aylarda bağlanan müqavilələrlə Türkiyəyə illik maye qaz idxalında bir neçə dəfə artım olacaq. Belə ki, R.T.Ərdoğanın Nyu-Yorka səfəri zamanı BOTAŞ-ın ABŞ-dən 70 milyard kubmetr maye qaz alışına dair müqavilə imzaladığı açıqlanıb. Müqavilə 20 il ərzində hər il təqribən 4 milyard kubmetr qaz tədarükünü nəzərdə tutur. İxracın 2026-cı ildə başlanması planlaşdırılır. Türk şirkəti ilə Amerikanın "Mercuria" şirkəti arasında müqavilənin imzalanması Türkiyə nümayəndə heyətinin BMT Baş Assambleyasının sessiyasında iştirakı zamanı Nyu-Yorkda baş tutub.

Türkiyənin təbii sərvətlər və enerji naziri Alparskan Bayraktar bildirib ki, sövdələşmə yanacaq təhlükəsizliyinin gücləndirilməsi, qiymət sabitliyi və ölkənin enerji təchizatının diversifikasiyası məqsədi daşıyır.

Bundan əlavə, nazir BOTAŞ-ın Avstraliyanın "Woodside Energy" şirkəti ilə doqquz il müddətinə ildə 5,8 milyard kubmetr LNG tədarükü üçün ilkin müqavilə imzaladığını açıqlayıb. Təchizatlar ilk növbədə Meksika körfəzindəki ABŞ-nin Luiziana LNG terminalından olacaq. Xatırladaq ki, sentyabrın 22-də Bayraktar "Hartree" şirkəti ilə iki il müddətinə 600 milyon kubmetr LNG tədarükünə dair 10 sentyabr müqaviləsindən sonra əməkdaşlığın genişləndirilməsini, həmçinin Cheniere ilə əvvəllər imzalanmış 1,2 milyard kubmetrlik müqaviləni müzakirə edib.

Sentyabrın 2-də isə Türkiyə Britaniyanın "Shell" şirkəti ilə ildə 4 milyard kubmetr, sentyabrın 9-da isə "British Petroleum"la 4,8 milyard kubmetr LNG üçün üç illik müqavilə imzalayıb.

Bundan əvvəl Türkiyə "TotalEnergies" şirkəti ilə də irihəcmli maye qaz alışı müaviləsi imzalayıb, Əlcəzairlə olan müqavilənin müddətini uzadıb. Beləliklə, aydın görünür ki, Ankara Rusiya ətrafında çənbərin getdikcə daraldığını görür və bu ölkə ilə enerji əməkdaşlığının mümkün dayanması halı üçün hazırlıqları sürətləndirir.

Ümumiyyətlə, Ukraynadakı müharibənin başlanmasından bəri Türkiyənin Rusiya ilə münasibətlərinə nəzər yetirsək, Ankaranın Aİ və ABŞ-nin qoyduğu sanksiyalara qarşı getdiyini görmək mümkün deyil. Türkiyə açıq elan olunmasa da, Aİ-nin Rusiya neftinə tətbiq etdiyi qiymət tavanına da əməl edib. Bu ilin fevral-martında Rusiya neftinin qiyməti tavandan yuxarı olanda TUPRAS onun alışlarını demək olar ki, dayandırıb, apreldə aşağı düşəndə yenidən artırıb. İyuldan Aİ Rusiya neftinin qiymət tavanını 47.5 dollara endirdikdən sonra şirkətin ən böyük zavodunda profilaktik təmir işləri başlayıb və idxal minimuma düşüb...

Aydın məsələdir ki, Türkiyə ucuz Rusiya enerji məhsulları hesabına son 3 ildə irihəcmli gəlirlər əldə edib, lakin Qərb - ABŞ və Aİ qəti mövqe ortaya qoyarsa, Ankaranın bu əməkdaşlıqdan çəkiləcəyi ehtimalı reallığa daha yaxındır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
97 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...