“Generallara yaxın durmaq mümkün deyil, yaşadıqları həyətlərin 3-4 metr divarı var” - Polad Həşimovun bacısı

“Generallara yaxın durmaq mümkün deyil, yaşadıqları həyətlərin 3-4 metr divarı var” -
“Polad haqda şeirlər yazan, kitablar çap edənlər var, qısametrajlı filmlər də çəkilib. Bizim insanlarımız əllərində olan imkanlarla nəsə etməyə çalışırlar. Amma əfsuslar olsun ki, onun hərb yolu, taktikası, keçdiyi yollar, uğurlu əməliyyatları haqda hələ ki, bir film çəkilməyib. Biz orta məktəbdə oxuyanda Mehdi Hüseynzadəni filmlərdən tanıyırdıq, kitablardan oxuyurduq. Poladın döyüş yolunu əhatə edən filmlər çəkilməlidir”. Bunu Medianews.az-a Milli Qəhrəman Polad Həşimovun bacısı Kəmalə Həşimova deyib.

1990-cı illərdə Birinci Qarabağ müharibəsinin, 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olan Polad Həşimov 2019-cu ildə general-mayor ali hərbi rütbəsinə layiq görülüb. Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun qərargah rəisi kimi 2020-ci ilin iyulunda Tovuz döyüşlərini idarə edərkən ön xətdə şəhid olub.

Bununla da Polad Həşimov İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra, 1988-ci ildən etibarən başlayan Qarabağ müharibəsində həlak olan üçüncü Azərbaycan generalı olmuşdur. 14 iyul tarixində general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam kəndinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilmişdir. 15 iyul tarixində II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunmuşdur. Ailəli idi. Üç övladı yadigar qalmışdır.

Kəmalə Həşimova qardaşının hər zaman Vətən üçün canını sipər etdiyini bildirib:

“Poladın hərbçi yoldaşları da bilirdi ki, o, Daşkəsən tərəfdə bir neçə hərbi mövqeyi təkbaşına azad edib. Kəlbəcərə gedən istiqamətdə yol çəkdirmişdi ki, bir zaman bu yol bizə lazım olacaq. O yol həqiqətən də 2020-ci ilin 44 günlük Vətən müharibəsində bizə lazım oldu. Təəssüflər olsun ki, bunlar işıqlandırılmır. Qədim dövrlərdə yaşayan sərkərdələr barədə rəvayətələr əsasında filmlər çəkilir”.

Kəmalə Həşimova xatırladıb ki, Polad Həşimov İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra, 1988-ci ildən başlanan Qarabağ müharibəsində şəhid olmuş üçüncü Azərbaycan generalıdır:

“Polad səngərdə, əsgərinin yanında şəhid olub. O heç bir zaman əsgərinə “irəli” deməyib, həmişə “arxamca gəlin” deyib. Özünü həmişə qabağa atıb, heç kimi təhlükəyə atmayıb. Ona görə getdiyi bütün hərbi əməliyyatları dəqiqliyinə qədər işləməyə çalışırdı ki, orada həm itki olmasın, həm də əməliyyat uğurlu alınsın. Çünki onun arxasında əmanət övladlar - əsgərləri var idi. Əsgərlərini onların valideynlərindən də çox sevirdi. O heç vaxt bayramı evində qeyd etməyib. Hər zaman səngərdə, əsgərlərinin yanında olub. Deyirdi ki, o uşaqlar mənə əmanətdir. Əsgərlərinə o qədər həssaslıqla yanaşırdı ki... Yeri gələndə bir ata kimi onları danlayırdı da. Əsgərlər onu o qədər çox sevirdi ki...

Bu gün heç bir generalın yanına yaxınlaşmaq mümkün deyil. Mən bunu sizə açıq söyləyirəm. Hər birinin yaşadığı evin ən azından 3-4 metr divarları var. Onların qapısına heç kim gedə bilmir. Amma Poladın evi indi də, elə o vaxt da hər zaman ziyarətə açıq olub. Necə biz yaşamışıqsa, Polad da o cür yaşamağa çalışıb. Atasından, babasından nə görübsə onu edib. Ona görə də mükəmməl bir övlad kimi yetişib. Tarixdə qalmaq hər insana nəsib olmur. Heç kim övladını tərbiyə edəndə istəməz ki, bu gün adı korrupsiyada, rüşvətdə hallanan insanları onlara nümunə göstərsin. Hər kəs istəyər ki, övladı Polad Həşimov kimi olsun. Ona görə də Polad bu gün simvollaşdırılmalıdır, yetişən nəsillərə örnək kimi göstərilməlidir. Dövlətimizdən, qayğısından çox razıyıq. Amma bu gün aidiyyəti qurumlar var ki, əllərində hər cür imkanlar var, amma onu etmirlər. Hər kəs öz işini doğru yerinə yetirməlidir. Təəssüflər olsun ki, bu gün çox məqamlar, çox işlər vətənini sevən gerçək dövlətçilərin deyil, işbazların və kimlərəsə xidmət edən insanların əlindədir. Mən ümid edirəm ki, bir gün gələcək, bunların hamısı düzələcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
127 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...