İşgəncələrə Qarşı Komitədə ikitirəlik yarandı: “Yeni sədr özüməm!” - QALMAQAL
“İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin yeni sədri Elmira Behbudova yox, Elşad Nəcməddin oğlu Həmidovdur”. Bu sözləri Modern.az saytına E.Həmidov özü deyib.
O, qeyd edib ki, 23 dekabr 2015-ci il tarixdən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədridir. Qeyd edək ki, komitənin bundan əvvəlki mərhum sədri Elçin Behbudovun həyat yoldaşı Elmira Behbudova özünü Modern.az saytına yeni sədr kimi təqdim etmişdi.
Elşad Həmidov isə bildirib ki, sədr təyin olunması barədə komitə tərəfindən keçirilən iclasda qərar verilib: “Dövlət nümayəndələrinin, tanınmış alimlərin iştirakı ilə iclas keçirilib və qərar verilib. Bu barədə Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinə, Penitensiar Xidmətə, Dövlət Təhlükəsizlik Komitəsinə, Səhiyyə Nazirliyinə də məlumat verilib”. E.Həmidov deyir ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin strukturunda müəyyən dəyişiklikdə edilib.
“Çalışıram ki, komitəyə sırf hüquqşünasları dəvət edim. Hazırda sənədləşmə işləri aparılır”. Yeni sədr E.Həmidov əvvəlki sədr, mərhum E.Behbudovun 2010-cu ildən bəri heç bir Cəzaçəkmə Müəssisəsinə baş çəkmədiyini iddia edib: “Komitə yaranandan mən orada çalışıram. Elçinlə birlikdə monitorinqlərdə iştirak etmişəm. Amma 2010-cu ildən Elçin Behbudov heç bir Cəzaçəkmə Müəssisəsində olmayıb. Mən onunla çörək kəsmişəm. Amma yoldaşı bəzi iddialar irəli sürür. Qeyd etmək istəyirəm ki, biz sivil dövlətdə yaşayırıq, monarxiya rejimində yox. O qadındır, hörmət edirəm və susuram. Allah Elçinə rəhmət eləsin, mən ona görə susuram. İstədikləri köməyi göstərməyə də hazıram”.
Elşad Nəcməddin oğlu Həmidov24 iyul 1967-ci il tarixdə Bakı şəhərində dünyaya gəlib.1991-ci ildə Plexanov adına Rusiya Dövlət İqtisad Universitetini iqtisadiyyatın analizi ixtisası üzrə fərqlənmə ilə bitirib. Universiteti bitirdikdən sonra əmək fəaliyyətinə dövlət qulluğunda başlayıb. Sonradan ixtisasını dəyişmək üçün Sank-Peterburq Dövlət Hüquq və Nəqliyyatda Prokurorluq Ali məktəbində göndərilib və oranı da bitirərək, uzun illər Rusiya Federasiyasında hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışıb.
2007-ci ildən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin üzvüdür. Mərhum Elçin Behbudovla bir yerdə respuplikanın müxtəlif yerlərində monitorinqlər keçirib və hesabatlar hazırlayıb. Həmçinin 2010-cu ildə Respublika Ağsaqqallar Şurasının mərhum sədri akademik Budaq Budaqovun dəvətilə Şurada Baş hüquq-məsləhətçisi kimi də çalışıb. Bildirir ki, 23 dekabr 2015-ci il tarixindən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədridir. Ailəlidir, iki övladı var.
Elşad Həmidov komitənin yeni strukturu barədə Modern.az-a aşağıdakı siyahını təqdim edib:
Komitənin təsisçisi-Pərviz Deystani, sədr-Elşad Həmidov, mətbuat katibi Telman Mirzəyev və üzvlər: Kəmalə Kərimova, Selcan Rəhimova...
1009 dəfə oxundu