"Azərbaycan bütün öhdəliklərə sadiqdir"- İlham Əliyev
Xəbər verdiyimiz kimi, fevralın 29-da “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.
Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının keçirilməsinin əhəmiyyətindən danışdı, bu toplantıda ötən illər ərzində görülən işlərə və qarşıda duran vəzifələrə baxılacağını bildirdi. Ötənilki toplantıdan sonra layihə üzvləri arasında əlaqələndirmə işlərinin yüksək səviyyədə, uğurla aparıldığını deyən dövlətimizin başçısı 2015-ci ildə TANAP kəmərinin təməlinin qoyulduğunu diqqətə çatdırdı, bu layihənin “Cənub” qaz dəhlizinin reallaşmasında mühüm rol oynadığını bildirdi.
Prezident İlham Əliyev qeyd etdi ki, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələr arasında səmərəli əməkdaşlığı daha da genişləndirəcək. “Enerji təhlükəsizliyi bu gün dünya siyasətində, beynəlxalq təşkilatların gündəliyində mühüm yer tutur”, - deyən dövlətimizin başçısı Azərbaycanın bütün öhdəliklərinə sadiq olduğunu, ölkəmizin hər zaman bazar iqtisadiyyatı prinsiplərini daha da inkişaf etdirdiyini bildirdi, bir məqamı da vurğuladı ki, enerji əməkdaşlığı siyasi tələb məsələsi ola bilməz və bu məsələ hər hansı siyasi formatdan azad olmalıdır. Prezident İlham Əliyev Azərbaycanın layihə üzvləri arasında güclü əməkdaşlıq qurduğunu və bu əməkdaşlığın iqtisadiyyatın digər sahələrində də uğurlara imkan yaradacağını dedi, enerji əməkdaşlığının Avropa İttifaqı ilə əlaqələrdə mühüm rol oynadığını bildirdi.
“Cənub Qaz Dəhlizi” layihəsinin icrası zamanı yubanmalara, maneələrə yol verilməməsinin vacibliyinə diqqət çəkən dövlətimizin başçısı bütün maneələri dəf etmək üçün hökumətlərin səylərini birləşdirməsinin zəruriliyini vurğuladı. Prezident İlham Əliyev TANAP layihəsinin icrasının fəal mərhələdə olduğunu dedi, Trans-Adriatik layihəsinin də vaxtında həyata keçiriləcəyinə əminliyini ifadə etdi. “Cənub Qaz Dəhlizi” layihəsi XXI əsrin tarixi layihəsidir”, - deyən dövlətimizin başçısı layihənin reallaşmasına verdikləri töhfələrə görə hökumətlərə minnətdarlıq etdi.
Azərbaycanın energetika naziri Natiq Əliyev Prezident İlham Əliyevin “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasına verdiyi dəstəyin işlərin daha səmərəli həyata keçirilməsinə imkan yaradacağını vurğuladı.
Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç Xəzər dənizinin təbii resurslarının Avropa bazarlarına çatdırılmasının əhəmiyyətindən danışdı. “Biz Avropa İttifaqı olaraq enerji təhlükəsizliyini ölkələrimiz üçün mühüm məsələ hesab edirik”, - deyən Maroş Şevçoviç Cənub-Şərqi Avropa, həmçinin Balkan ölkələrində layihəyə böyük marağın olduğunu dedi. Beynəlxalq maliyyə təşkilatlarının bu layihəyə marağını və dəstəyini yüksək qiymətləndirən Maroş Şevçoviç “Cənub Qaz Dəhlizi” layihəsinə Avropa İttifaqının dəstəyini ifadə etdi.
Qısa fasilədən sonra Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı öz işini davam etdirdi.
Energetika naziri Natiq Əliyev texniki cəhətdən mürəkkəb layihə olan “Cənub Qaz Dəhlizi” ilə bağlı ötən dövrdə görülən işlərdən danışdı, tədarük olunacaq qazın Avropa ölkələrinin təchizatında mühüm rol oynayacağını dedi. Fransa, İspaniya, İtaliya, Yunanıstan kimi iri Avropa ölkələrinin layihəyə böyük maraq göstərdiyini deyən Natiq Əliyev bu layihənin reallaşmasının yeni iş yerlərinin açılmasına imkan yaratdığını bildirdi.
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak TANAP layihəsinin əhəmiyyətindən danışdı. O, “Cənub Qaz Dəhlizi” layihəsinin mühüm qolu olan TANAP-ın reallaşmasında Türkiyənin siyasi, iqtisadi və texniki dəstəyinin davam etdiriləcəyini bildirdi.
ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn bu layihənin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını dedi. Amos Hokstayn enerji təhlükəsizliyi sahəsində mövcud çətinliklərdən və onların aradan qaldırılması yollarından danışdı. ABŞ təmsilçisi Birləşmiş Ştatların “Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləməkdə davam edəcəyini diqqətə çatdırdı.
Böyük Britaniyanın Enerji və İqlim Dəyişikliyi Nazirliyinin beynəlxalq enerji departamentinin baş direktoru Edmund Hosker bu toplantını təşkil etdiyinə görə Azərbaycan hökumətinə təbriklərini çatdırdı. Ölkəsinin “Cənub Qaz Dəhlizi” layihəsini dəstəklədiyini deyən Edmund Hosker Birləşmiş Krallıq ilə Azərbaycan arasında uğurlu işbirliyindən danışdı, bu layihənin reallaşmasında ölkəmizin rolunu vurğuladı.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı bütün hədəflərin cədvələ uyğun yerinə yetirildiyini bildirdi, 2016-cı ilin layihənin icrasında mühüm dövr olacağını diqqətə çatdırdı.
Trans-Anadolu qaz kəməri layihəsinin baş meneceri Saltuk Düzyol TANAP kəməri ilə ilk qazın 2018-ci ildə tədarük olunacağını, 2020-ci ildən isə qazın axınının başlanacağını bildirdi. TANAP-ın baş direktoru layihənin texniki göstəriciləri barədə toplantı iştirakçılarına ətraflı məlumat verdi.
Sonra TANAP layihəsi ilə bağlı qazanılan nailiyyətləri əks etdirən videoçarx nümayiş olundu.
Trans-Adriatik qaz kəməri layihəsinin icraçı direktoru İn Bradşav TAP-ın tikintisinə 2016-cı ildə başlanılacağını bildirdi. O, slaydlar vasitəsilə layihə çərçivəsində görülən işlərdən danışdı. “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev, Asiya İnkişaf Bankının özəl sektor əməliyyatları üzrə baş direktoru Tod Frilyand, Avropa İnvestisiya Bankı Qrupunun nümayəndəsi Massimo Deufemia, Avropa Yenidənqurma və İnkişaf Bankının baş rezident-əlaqələndiricisi Nil Makkeyn, Beynəlxalq Maliyyə Korporasiyasının Cənubi Qafqaz üzrə regional meneceri Jan Van Bilsen “Cənub” qaz dəhlizinin strateji baxımdan önəmindən danışdılar. (Azərtac)
937 dəfə oxundu