Azərbaycan prezidenti 8 Mart bayramı münasibəti ilə qadınları təbrik edib
Azərbaycan prezidenti İlham Əliyev 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib. APA-nın məlumatına görə, dövlət başçısının təbrikində deyilir:
“Hörmətli xanımlar! Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və uğurlar arzulayıram. Azərbaycan qadınının cəmiyyətimizdə qazandığı yüksək mövqe və elmdə, təhsildə, mədəniyyətdə fəth etdiyi zirvələr bizim tarixi nailiyyətimiz, əbədi qürur mənbəyimizdir. Onun ictimai nüfuzu dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünü vahid məfkurə ətrafında birləşmiş şəkildə qarşılamağa hazırlaşan Azərbaycanın müasir həyatının diqqətəlayiq gerçəkliyidir. Azərbaycan xanımları ülvi amallar naminə zəngin ictimai fəaliyyətləri boyunca özlərinin daxili aləmlərinin ahəngdarlığını həmişə layiqincə qoruyub saxlayıb, mürəkkəb sosial-siyasi dəyişikliklərin baş verdiyi ən müxtəlif dövrlərdə cəmiyyətimizin əsl mənəvi dayağı olub.
İnsan qəlbinin gözəlliklərinin tərənnümçüsü kövrək təbiətli qadın şair və musiqiçilərimizin, xeyirxahlıq, insanpərvərlik rəmzi qadın həkim və müəllimlərimizin adları yaxın keçmişimizin hər bir səhifəsini bəzəyir. Milliliklə müasirliyin vəhdətini mənəviyyatının ayrılmaz tərkib hissəsinə çevirən Azərbaycan qadınının zərifliyi, saflığı və sədaqəti söz, sənət abidələrimizdə əhatəli bədii təcəssümünü tapıb. Xalqımızın onun cəmiyyət həyatında yaxından iştirakına münasibətinin nəticəsidir ki, Azərbaycanda qadın hərəkatının görkəmli xadimləri öz dərin zəkalarına, tükənməz potensiallarına güvənərək yeni tarixi şəraitdə böyük müvəffəqiyyətlər qazanıblar.
İnanıram ki, sürətlə qloballaşan dünyada gənc nəslin çoxəsrlik tarixi-mədəni irsimizə ehtiram, vətənpərvərlik və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda yetişdirilməsi üçün siz bundan sonra da əlinizdən gələni əsirgəməyəcək, bütün gücünüzü, istedad və bacarığınızı ölkənin intellektual-mənəvi sərvətlərinin zənginləşdirilməsi yolunda səfərbər edəcəksiniz. Bayramınız mübarək olsun!”.
1030 dəfə oxundu