"Vəzifələrinə məsuliyyətsiz yanaşanlar öz cəzalarını alacaqlar" -
"Prezidentin bir neçə icra başçısını vəzifəsindən azad etməsinə dair sərəncamları, ilk növbədə, işinə barmaqarası baxan insanlara ciddi bir mesajdır. Azərbaycanın dövlət işində kifayət qədər işinə məsuliyyətlə yanaşan rəhbər və məmur ordusu var. Amma o şəxslər ki, öz vəzifələrinə məsuliyyətsiz yanaşırlar, əlbəttə ki, zamanı gələndə öz cəzalarını alacaqlar"
Bunu milli.az-a açqlamasında Milli Məclisin komitəsinin sədr müavini, YAP-ın İcra Katibliyinin şöbə müdiri Aydın Mirzəzadə prezident İlham Əliyevin son iki gündə bir neçə rayonun icra başçılarını vəzifəsindən azad etmələrinə münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, prezident tərəfindən təyin edilən icra başçıları digərlərinə nümunə olmalı və etimadı doğrultmağa çalışmalıdırlar: "Son iki gündə vəzifəsindən azad edilən 4 icra başçısından 2-sinin isə prezidentin etimadını itirməsi barədə məlumat verilib. Bunun özü bir daha göstərdi ki, dövlət başçısının təyin etdiyi kadrlar onların qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsinə çalışmalı, yerli əhalinin problemlərini həll etməyi özünün prioritet məsələsi hesab etməli, ümumən, prezident tərəfindən təyin olunmuş şəxs kimi həmişə digər şəxslərə nümunə olmalıdırlar. Amma 2 icra başçıçsı fəaliyyətlərində yol verdiklərə səhvlərə, qüsurlara, eyni zamanda, görünür, başçılıq etdikləri rayonun sosial-iqtisadi inkişafı ilə bağlı ciddi tədbirlər görmədiklərinə görə prezident tərəfindən vəzifələrindən azad ediliblər.
Hesab edirəm ki, bunun özü həm digər icra hakimiyyəti başçıları, eyni zamanda statusundan asılı olmayaraq dövlət işində çalışan hər bir şəxs üçün böyük bir dərs olmalıdır. Hər kəs bilməlidir ki, o, prezidentin imzası ilə dövlət tərəfindən etimada layiq görülüb və bu etimadı daim doğrulmağa çalışmalıdır. Bunun isə bir yolu var: xalqa xidmət etmək, əhalinin problemlərini həll etmək üçün maksimum səy göstərmək və daim işgüzarlıq nümayiş etdirmək".
820 dəfə oxundu