Rusiyanın dağılmasının növbəti mərhələsi başlayır: - Dünya böyük dəyişikliklər ərəfəsində

Rusiyanın dağılmasının növbəti mərhələsi başlayır: -


Dünya mətbuatı IV Nüvə Təhlükəsizliyi Sammitinin 31 mart - 1 apreldə ABŞ-ın paytaxtında keçiriləcək toplantısında veriləcək qərarları gözləməkdədir. İlk belə sammit 2010-cu ildə Vaşinqtonda, II sammit 2012-ci ildə Seulda, III sammit isə 2014-cü ildə Haaqada təşkıl olunub.

Sammit geosiyasi baxımdan olduqca böyük önəmə malikdir. Belə ki, Vaşinqton öz nüfuz dairəsində olan ölkələri bir araya gətirməkdə israrlıdır. Qərb Rusiyanın nüvə silahından istifadə edəcəyindən ehtiyatlanır və əvvəlcədən bu təhlükənin qarşısını almaq yollarını axtarır. Nüvə texnologiyalarına malik İranın ata biləcəyi addımlar da Vaşinqtonu narahat edir. Xatırladaq ki, Rusiya Nüvə sammitinə qatılmaqdan imtina edib və toplantıya qatılacaq ölkələri açıq şəkildə təhdid edir. ABŞ Rusiyanın nüfuz dairəsində olan ölkələrdə özünün hərbi iştirakına nail olmaq istəyir. Bu baxımdan, növbəti prezident seçkilərindən sonra Vaşinqtonun hədəfində olacaq ölkələr adıçəkilən toplantıda dolayısı ilə də olsa müəyyən edilə bilər. Bütün bu geosiyasi rokirovkalarda Azərbaycan da diqqətdən kənarda qalmır. Azərbaycanın sammitə ABŞ tərəfindən dəvət olunması ilk növbədə iki ölkənin strateji tərəfdaşlığından xəbər verir. Vurğulayaq ki, dünyada cərəyan edən son proseslər Qərb - Rusiya qarşıdurmasının yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirilir.

Proseslər Azərbaycana da təsir edəcəkmi? Rusiya və Qərb üçün Bakı nə dərəcədə cəlbedicidir? Qərb və Rusiya arasındakı nüfuz davaşında üç ölkənin – Azərbaycan, Gürcüstan və Ukraynanın adı çəkilir. Məsələ ondadır ki, artıq Ukrayna ABŞ üçün böyük önəm kəsb edir. Qərb analitikləri əmindirlər ki, artıq bu ölkəni Rusiya öz təsir dairəsinə qaytara bilməyəcək. Qonşu Gürcüstan da Avroatlantik məkana inteqrasiya yolunu seçib və yoldan geri dönməyəcəyi məlumdur. Mixail Saakaşvili dövrünün bitməsi də Moskvaya Tiflis üzərində hakimə çevirmək imkanı vermədi. Əksinə, Ukraynada baş verənlər onu deməyə əsas verir ki, Qərb MDB məkanına növbəti dəfə təsir etmək istəyir. ABŞ politoloqu Zbiqnev Bzejinskiy yeni ideyalarla çıxış edir və açıq şəkildə bəyan edir ki, Ukrayna, Gürcüstan və Qırğızıstan üzərində nəzarət Rusiyaya qarşı sanitar dəhlizi rolunu oynaya bilər.
Lakin Cənubi Osetiya üzərində nəzarəti bərpa etməkdə Saakaşvili Vaşinqtondan dəstək ala bilmədi. Cənubi Osetiyadan Rusiyanın getməsi Moskvanın Cənubi Qafqazdan qovulması anlamına gələ bilərdi.

Rusiya üçün Qafqaz tarix boyunca olduqca önəmli olub. Çar Rusiyası SSRİ dönəmində ruslar bu bölgədə möhkəmlənmək istəsələr də, uzun müddətli uğur qazana bilməyiblər. Bu baxımdan, Putinin Qafqaza bu dərəcədə can atması anlaşılandır. Nə Azərbaycan, nə Gürcüstan, nə də ki, Ermənistanı rusdilli kütləyə çevirə bilməyən Moskva anlamaq istəmir ki, artıq dünyada yeni düzən qurulur və o, öz imperiya iddialarından əl çəkməlidir. Etnik münaqişələri də artıq beynəlxalq təşkilatlar tənzimləyir. Rusiya bu məsələdə də bir addım geridədir.

ABŞ Gürcüstanı və Azərbaycanı nəzarətə almaqla Rusiyanın bölgədəki yeganə forpostu olan Ermənistana da çıxış əldə edir. Gürcüstan və Azərbaycan eyni zamanda Türkiyə üçün Orta Asiyaya çıxış əldə etmək üçün mühümdür. Azərbaycan və Gürcüstana xarici yatırımın qoyulması da Rusiyanı narahat edir. Sərhədlərə nəzarət üçün ortaya atdığı Gömrük İttifaqı isə Ukraynada ölümcül zərbələr almaqdadır. Azərbaycanla strateji müttəfiqlik Yaxın Şərqə çıxış deməkdir. Bu baxımdan bu ölkə Qərb üçün daha vacibdir. Orta Asiyaya çıxış əldə edən Türkiyə Tacikistan istisna olmaqla, türkdilli ölkələri öz təsirinə ala bilir.

Orta Asiya Rusiya üçün eyni zamanda bu bölgənin enerjidaşıyıcılarını Avropaya nəql edəcək “Nabucco” layihəsini reallaşdırmaq üçün lazımdır. Qərb buna imkan verməmək üçün Moskvanı Qafqazdan qovmaq planını gizlətmir və bu planda Azərbaycan önəmli oyunçudur. Rusiyanın Qafqazda mövcudluğu bir sıra amillərlə yanaşı Dağlıq Qarabağ probleminin həll edilməməsi ilə də bağlıdır. Lakin görünən budur ki, beynəlxalq güclər bu münaqişəni də Moskvasız həll etmək niyyətindədirlər. Bu isə Rusiyanın bölgədən tam getməsi ilə sonuclana bilər.
Bir sözlə, dünya böyük dəyişikliklər ərəfəsindədir. Rusiyanın imperiya maraqlarının dağıdılmasının növbəti mərhələsi başlayır. Elə bu baxımdan da, 31 martda keçiriləcək Nüvə Təhlükəsizliyi Sammiti olduqca böyük önəmə malikdir.

Avropa.info-nun ekspert qrupu



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
940 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...