Yeni ABŞ prezidentinin vədlərinə əməl edəcəyi gözlənilir
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın bu gün, yanvarın 20-də keçiriləcək inauqurasiya mərasimindən sonra Konqressin icazəsi olmadan belə seçkidən öncə vəd etdiyi qərarları imzalaması gözlənilir.
"Report" "İnvesting.ru"ya istinadən xəbər verir ki, bu gün imzalanması gözlənilən qərarlara qeyri-leqal miqrasiya ilə mübarizə, Meksika ilə sərhədə divarın çəkilməsi və eks-prezident Barak Obamanın siyasi təşəbbüslərini ləğv etmək aiddir. Qeyd edək ki, bu barədə açıqlama Trampın köməkçiləri tərəfindən verilib.
"O real dəyişikliklər proqramını nəinki andiçmə günü, hətta hər gün təsdiqləməyə hazırdır. Mən inanıram ki, biz yaxın günlərdə və həftələrdə dəyişikliklərin baş verəcəyini görəcəyik", - deyə Trampın nümayəndəsi Şon Spayser (Sean Spicer) bildirib.
"Report"un analitik qrupu hesab edir ki, Trampın andiçmə mərasimindən sonra verəcəyi iqtisadi qərarlar nəticəsində fond birjası indeksləri kəskin düşəcək, dolların məzənnəsi ortamüddətli perspektivdə möhkəmlənəcək, neft qiymətləri isə azalma göstərəcək: "Yaxın 5-6 ildə dünya iqtisadiyyatını çətin dövr gözləyir".
892 dəfə oxundu