Rusiyalı politoloq: “Qarabağda mövqe üstünlüyü Azərbaycandadır"

Rusiyalı politoloq: “Qarabağda mövqe üstünlüyü Azərbaycandadır"


"Ermənistanda çox sərt daxili konsensus var ki, Qarabağ üzrə heç bir güzəştə, heç bir ciddi və məzmunlu danışıqlara yol vermək olmaz".

İstipress xəbər verir ki, bu barədə rusiyalı politoloq Andrey Yepifantsev "Vestnik Kavkaza" portalının əməkdaşı ilə 2016-ci ildə baş vermiş aprel döyüşlərinin bir illiyini şərh edərkən bildirib.

Onun sözlərinə görə, döyüşlərdən sonra Azərbaycan öz mövqeyini möhkəmləndirib: "Bu il Bakının Qarabağ üçün səsləndirdiyi maksimum fikir Qarabağ ətrafındakı rayonların şəksiz qaytarılması və Qarabağın özü üçün Azərbaycanın tərkibində geniş muxtariyyət verilməsi barədə olub. Bu variantı Bakı artıq çox illərdir səsləndirir".

"Ermənistan özünü danışıqlar aparan kimi göstərir, amma daxilən ona təkid edir ki, heç bir güzəşt ola bilməz", - deyə Andrey Yepifantsev vurğulayıb.

Politoloq Ermənistanın belə davranmasına şəraitin ATƏT-in Minsk Qrupu tərəfindən yaradıldığını vurğulayıb: "Ermənistan həddindən əlverişli mövqedədir: heç kim ona təsir göstərmir və nəinki güzəştlərə, həm də BMT-nin qətnamələrini yerinə yetirməyə məcbur etmir. O, nümayişkaranə şəkildə onları yerinə yetirmir, buna görə ona heç nə etmirlər".

Yepifantsev bunun səbəblərini açıqlayıb: "Rusiya Ermənistanın strateji müttəfiqidir və onun tərəfini maksimum tutur. Fransa və Amerikada çox güclü erməni diasporu var, Amerikada hətta hökumətə təsir göstərmək imkanı var. Bu üç ölkə ATƏT-in Minsk Qrupunun həmsədridir".

Lakin politoloq son zamanlarda Azərbaycan üçün iki əlverişli amilin yarandığını bildirib: "ABŞ-da erməni diasporu çox zəiflədi. Hillari Klinton erməni diasporu üçün əvəzsiz namizəd idi. Erməni diasporu ənənəvi olaraq demokratlarla daha çox bağlı olur. Onların ən azı iki nüfuzlu namizədi - Mark Kirk və Bob Doul vəzifələrini itiriblər".

Andrey Yepifantsev Azərbaycan üçün əlverişli olan ikinci məqamın isə dünya neft bazarının 10 il əvvəlki kimi "satıcı bazarı" rejiminə qayıtması ilə bağlayıb: "Cənubi Avropanın Azərbaycan neft və qazından asılılığı artır. Hərbi münaqişənin başlanması zamanı Ermənistan hansısa neft kəmərini bombalayarsa (Yerevan bunu edəcəyini həmişə vurğulayır), Avropa karbohidrogen çatışmazlığı hiss edəcək və dünya birliyi Dağlıq Qarabağ probleminə ciddi diqqət yetirəcək".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
931 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...