Batumidə hoteldə baş verən yanğın söndürülüb, 11 nəfər ölüb, 21 nəfər xəsarət alıb

Batumidə hoteldə baş verən yanğın söndürülüb,


Batumidə hoteldə baş vermiş yanğın nəticəsində 21 nəfər xəsarət alıb və onlar xəstəxanalara yerləşdirilib.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın səhiyyə nazirinin müavini Zaza Sopromadze deyib.

O bildirib ki, onlardan biri yanğınsöndürəndir. Nazir müavini xəsarət alan şəxslərin həyatlarının təhlükədə olmadığını qeyd edib.

Baş vermiş faciə ilə bağlı Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, parlamentin spikeri İrakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze başsağlığı veriblər.

Yanğın baş vermiş “Leogrand” hotelinin türkiyəli iş adamı Erol Avgörenə məxsus olduğu bildirilir.

***

02:02

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Batumidə “Leogrand” hotelində baş vermiş yanğın nəticəsində ölənlərin sayı barədə yeni məlumat yayıb.

APA-nın Gürcüstan bürosu məlumata istinadla xəbər verir ki, yanğında 11 nəfər ölüb və hazırda onların identifikasiyası həyata keçirilir.

Öncə DİN yanğın nəticəsində 12 nəfərin ölməsi barədə məlumat yaymışdı.

Daxili işlər naziri Giorgi Qaxariya ölənlərin sayının artacağını istisna etməyib. O, ölənlər arasında xarici vətəndaşların da olduğunu deyib.

***

01:38

Batuminin “Leogrand” hotelinə baş verən yanğın söndürülüb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, hadisə nəticəsində 12 nəfərin öldüyü təsdiqlənib. Xəsarət alanların sayı 15 nəfərdən çoxdur.

Yanğının səbəblərini müəyyənləşdirmək məqsədilə araşdırma aparılır.

***

00:40

Batumidə “Leogrand” hotelindəki yanğında ölənlərin sayı 12-yə çatıb.

APA-nın yerli bürosu bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Məlumata əsasən, hazırda həmin şəxslərin identifikasiyası aparılır. Xilasedicilər hoteldən 100-dən çox insanı təxliyə edib.

***

00:04

Batumidə “Leogrand” hotelində baş vermiş yanğınla bağlı Gürcüstanın daxili işlər naziri Giorgi Qaxariya və səhiyyə nazirinin müavini Zaza Sopromadze hadisə yerinə yola düşüblər.

APA-nın yerli bürosunun məlumatına əsasən, yanğınla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi istintaqa başlayıb.

Hazırda 13 yanğınsöndürmə maşını və 100-dən çox yanğınsöndürən hadisə yerindədir. Yanğının söndürülməsinə qonşu Quriya və Sameqrelo regionlarından da yanğınsöndürmə briqadaları cəlb olunub.

***

23:05

Batumidə “Leogrand” hotelindəki yanğında xəsarət alanların sayı 10-a çatıb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, xəstəxanaya çatdırılan şəxslərin arasında xarici vətəndaşlar da var. Hələlik onların hansı ölkə vətəndaşları olduqları məlum deyil.

Hadisə yerində olan Batumi şəhərinin meri Laşa Komaxidze deyib ki, hoteldən təxliyə olunmuş insanlar digər hotellərə yerləşdirilir. Onun sözlərinə görə, yanğın zamanı ölən 4 nəfərin şəxsiyyəti müəyyənləşdirilir.

***

22:35

Batumidə “Leogrand” hotelində baş vermiş yanğın nəticəsində 4 nəfər ölüb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bu barədə şəhərin təcili tibbi yardım xidmətindən bildirilib.

***

21:52

Batumidə “Leogrand” hotelində davam edən yanğın nəticəsində üç nəfər xəsarət alıb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Hotelin elektrik enerjisi ilə təchizatı dayandırılıb. İnsanların təxliyəsi davam etdirilir. Hoteldə “Miss Gürcüstan 2017” müsabiqəsinin iştirakçıları da olub. Onlar xəsarət almayıblar.

Yanğının hotelin mətbəxlərindən birində baş verdiyi bildirilir.


***

20:46

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində “Leogrand” hotelində güclü yanğın başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.

Hazırda hoteldən insanlar təxliyə olunur.
Sosial səhifələrdə paylaş



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1801 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...