İran ABŞ-dan BMT-yə şikayət etdi
İran ABŞ-dan BMT-yə şikayət edib.
APA-nın “Tasnim” agentliyinə istinadən verdiyi məlumata görə, İranın BMT-dəki daimi nümayəndəsi Qulam Əli Xoşrounun BMT-yə unvanladığı rəsmi şikayətdə ABŞ İranın daxili işlərinə qarışmaqda və zorakılığı təşviq etməkdə ittiham olunur.
Sənəddə qeyd edilib ki, ABŞ beynəlxalq hüququn bütün prinsiplərini pozmaqda davam edir: “Donald Trampın rəhbərlik etdiyi ABŞ Administrasiyası son günlər davamlı olaraq İranın daxili işlərinə qarışıb, zorakılıq və vandalizmə gətirib çıxara biləcək aksiyalara dəstəyini ifadə edib. ABŞ və onun köməkçiləri “Twitter” sosial şəbəkəsindəki tvitlərində iranlıları təxribatçı hərəkətlərə təhrik edir. İran bütün ölkələrdən bu təhlükəli siyasətin müzakirə edilməsini gözləyir. ABŞ BMT-nin Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun hərəkət etməlidir”.
Xatırladaq ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt, dekabrın 29-da paytaxt Tehranda etiraz aksiyaları başlayıb. Qərb KİV-i indiyə qədər aksiya iştirakçılarından ən azı 20-nin öldürüldüyü barədə məlumat yayıb. ABŞ prezidenti D. Tramp dəfələrdə “Twitter” sosial şəbəkəsindəki səhifəsində aksiyaçılara dəstəyini ifadə edib.
920 dəfə oxundu