DİN-in qarşısında etiraz: azərbaycanlılar “90-cı illər qayıdır” şüarı qaldırdılar
Kiyevdə azərbaycanlı icmasının 150-yə yaxın nümayəndəsi Daxili İşlər Nazirliyinin binası qarşısında mitinq keçirir. Virtualaz.org xəbər verir ki, mitinqə toplaşanlar Ukrayna hüquq-mühafizə orqanlarını bu ölkədə azərbaycanlı diasporuna təzyiq göstərən, onun imkanlı nümayəndələrini oğurlayan mafioz qruplaşmalara təzyiq göstərməyə çağırır.
Mitinq iştirakçılarının sözlərinə görə cinayətkarlar güc strukturlarından qorxmur. Son vaxtlar Ukraynada 20-dən çox azərbaycanlı biznesmen oğurlanıb, onların bir çoxu böyük pullar alınaraq buraxılıb. Bir çoxu öldürülüb və ya tapılmayıb.
Aksiya iştirakçıları əllərində “Mən Ukraynaya investisiya qoymaq istəyirəm, amma bu təhlükəlidir”, “90-cı illər qayıdır”, “Biz Ukraynada banditizmə qarşıyıq. Bizim həyatımızı qoruyun” kimi sözlər yazılmış plakatlar tutublar.
Xatırladaq ki, Ukraynada azərbaycanlı iş adamlarına quldur hücumları daxili işlər naziri Arsen Avakovun dövründə sistemli xarakter alıb. Bir müddət əvvəl Azərbaycanın Baş prokuroru Zakir Qaralov ukraynalı həmkarına rəsmi məktub göndərərək bu hücumlardan, azərbaycanlıların oğurlanmasından narahatlıq ifadə etmişdi.
829 dəfə oxundu