İtaliyanın son ümidi – Berluskoni 5-ci dəfə iqtidara QAYIDACAQ?

İtaliyanın son ümidi – Berluskoni 5-ci dəfə iqtidara

Martın 4-də İtaliyada parlament seçkiləri keçiriləcək və yeni hökumət formalaşacaq. Avropa siyasətinin ən parlaq və təcrübəli siması Silvio Berluskoni də bu seçkilərə qatılacaq. Onun başçılıq etdiyi “İrəli, İtaliya” partiyası son rəy sorğularında liderdir.

Buna qədər 4 dəfə İtaliyanın baş naziri seçilmiş 81 yaşlı qocaman siyasətçi qalib gələcəyi halda 5-ci dəfə hökumətə rəhbərlik edə bilməyəcək. Belə ki, 2011-ci ildə vergidən yayındığı üçün məhkum olunan Berluskoni qanunla bunu edə bilməyəcək.

Hazırda İtaliya avrozonasının 3-cü iqtisadiyyatıdır və bir çox sahələrdə ciddi problemlər yaşayır. 2008-ci ildə başlayan qlobal iqtisadi böhran İtaliyada işsizlik (10%-dən çox) və xarici borc (2,3 trilyon dollar yaxud Ümum Daxili Məhsulun 133%-i) səviyyəsinin artmasına, üstəgəl iqtisadi-sosial sistemə ağırlıq gətirən Afrika mühacirətinin artımına səbəb olub.
Bundan başqa, Liviyada Qəddafi rejiminin devrilməsindən sonra başlayan anarxiya şəraitində minlərlə mühacir məhz Aralıq dənizi vasilərilə ilk növbədə İtaliyaya pənah gətirib.

İtaliya cəmiyyəti hazırkı solçu hökumətin həll edə bilmədiyi problemlər fonunda öz baxışlarını Berluskoninin hər gün daha çox güc toplayan sağ təmayüllü “İrəli, İtaliya” və onların seçkilərdə müttəfiqi olan millətçi “Şimal Liqası”na çeviriblər.
Berluskoninin populyarlığı İtaliya cəmiyyətinin əhval-ruhiyyəsindəki dəyişikliklərlə və Brüsselin Roma ilə gərgin münasibətlərdə olması ilə bağlıdır.
Çünki İtaliya Avropa Birliyinin miqrant böhranı ilə sərgilədiyi mövqedən narazı qalıb və problemin həllində təkbaşına qalmasını anlayıb. Digər tərəfdən, borc böhranına görə avrozonadan çıxmaq barədə də təkliflər səslənir.

Martın 4-də baş tutacaq seçkilərdən sonra Brüsellə Roma arasında münasibətlərin normallaşacağına inam da çox deyil. Əksinə, “İrəli, İtaliya” və “Şimal Liqası”nın qələbəsi ziddiyyətlərin daha da kəskinləşməsinə səbəb olacaq.
Seçkiyə 1 həftə qalmış rəy sorğularına görə, “İrəli İtaliya” partiyası 18% səs toplayacaq. Lakin millətçi hərəkatdan sayılan “Şimal Liqası” və “İtaliyanın Qardaşları” partiyaları ilə birlikdə bu göstərcinin 50%-i keçəcəyi proqnozlaşdırılır.
İtaliyanın sonuncu ümidi adlandırılan Silvio Berluskoni baş nazir postunu tuta bilməsə də, yeni hökumətin “boz kardinal”ı olacağı heç kəsdə şübhə doğurmur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
877 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...