Azərbaycanda ilk dəfə faydalı qazıntı yatağı hərraca çıxarılacaq
“Göygöl-1” gil yatağının istismara verilməsi ilə bağlı hərrac keçiriləcək.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, Hərracların Təşkili üzrə Auksion Mərkəzi ilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi arasında imzalanan müqaviləyə əsasən, bəzi faydalı qazıntı yataqlarının hərrac qaydasında istifadəyə verilməsinə başlanılıb.
İl ərzində ölkə üzrə 24 faydalı qazıntı yatağının hərrac qaydasında istifadəyə verilməsi nəzərdə tutulub. İlkin olaraq 16 aprel tarixində “Göygöl-1” gil yatağının istismara verilməsi ilə bağlı hərrac keçiriləcək. Hərracda Azərbaycan Respublikasının, həmçinin xarici ölkələrin hüquqi və fiziki şəxsləri iştirak edə bilər.
Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər.
Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında və özəlləşdirmə portalında tanış olmaq mümkündür.
1373 dəfə oxundu