Məmurların maaşı niyə məxfidir? – Xidmətçilərimizə nə qədər ödədiyimizi niyə bilməyək?
Dövlət başçısı dəfələrlə deyib ki, “Prezident başda olmaqla bütün dövlət məmurları xalqın xidmətçisidir.” Amma təəssüf ki, bu xidmətçilərimizə ödədiyimiz maaşı bilmirik. Cüzi istisnlarla.
Məlum olan yalnız aşağıdakılardır:
1) Prezident – 15000 manat;
2) deputatlar – 7455-10650 manat;
3) hakimlər – 4000-12000 manat;
4) Ombudsman – 8109 manat.
1 mart 2022-ci ilədək hökumət üzvlərinin və yerli icra hakimiyyəti başçılarının maaşı Prezidentin 10 avqust 2004-cü il tarixli 348 saylı Sərəncamı ilə müəyyən edilirdi: https://e-qanun.az/framework/5488. Məsələn, baş nazirin maaşı 2460 manat, nazirlərin maaşı 1925 manat və s. idi.
1 mart 2022-ci ilədək digər məmurların maaşı isə Prezidentin 18 iyun 2019-cu il tarixli 1268 saylı Sərəncamı ilə müəyyən edilirdi: https://e-qanun.az/framework/43314. Həmin Sərəncamın özündə birbaşa vurğulanırdı ki, onun əlavələri dərc edilmir. Yəni maaşların özü məxfi idi. Prinsipcə, sərəncam normativ hüquqi akt olmadığı üçün Konstitusiya onun mütləq dərcini tələb etmir. Lakin maaşların sərəncamla müəyyən edilməsinin özü Konstitusiyaya ziddir. Çünki sərəncam ümumi qayda (hüquq norması) müəyyən edən akt deyil. Maaşlar isə məhz ümumi (dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş) qaydadır. Buna görə də fərmanla müəyyən edilməlidir.
Və 1 mart 2022-ci il tarixdə Prezident 1611 saylı belə bir Fərman imzalayıb. Lakin bu Fərman heç yerdə dərc olunmayıb. Heç adı da bilinmir. Məlum olan yalnız odur ki, yuxarıda qeyd edilən hər iki sərəncam – 10 avqust 2004-cü il tarixli 348 saylı və18 iyun 2019-cu il tarixli 1268 saylı – məhz həmin Fərmanla ləğv ediliblər. Deməli, həm hökumət üzvlərinin, həm də digər məmurların maaşı artıq həmin Fərmanla müəyyən edilir. Fərman dərc edilmədiyi üçün həmin maaşlar da naməlumdur.
Konstitusiyanın 149-cu maddəsinin IV hissəsində deyilir: “Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir.” Deməli, sözügedən dərc olunmamış Fərman əsasında məmurların maaş alması da yolverilməzdir. Maliyyə nazirliyi bu maaşları verməməli, Hesablama Palatası da məsələni nəzarətdə saxlamalıdır.
Nəhayət, axı niyə biz xidmətçilərimizə ödənilən maaşı bilməyək? Niyə Prezidentin, deputatların, hakimlərin və Ombudsmanın maaşı açıq məlumatdır, digər məmurların maaşı isə qapalı? Nəinki dövlət orqanlarının, bütün dövlət hüquqi şəxslərinin (publik hüquqi şəxslərin, kommersiya hüquqi şəxslərinin) verdiyi maaşlar da açıq olmalıdır. Əks halda, hansı ictimai nəzarətdən, hansı hüquqi dövlətdən söhbət gedə bilər axı? Belə olduğu təqdirdə kim kimin xidmətçisi halına düşmüş olur?..
Əkrəm Həsənov, vəkil
735 dəfə oxundu