Deputatı güllələyən şəxsi hansı cəza gözləyir?

Deputatı güllələyən şəxsi hansı cəza gözləyir?

Xəbər verdiyimiz kimi, 28 mart 2023-cü il tarixdə saat 21:51-də Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Bütün bunlar yüksək çinli dövlət məmurlarına və ya millət vəkillərinə qarşı cinayət törədən şəxslərə hansı cəzaların tətbiq edilməsi məsələsini gündəmə gətirib.

Yeniavaz.com xəbər verir ki, yuxarıda bəhs edilən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsində öz əksini tapıb.

CM-nin 277-ci maddəsinə əsasən, dövlət xadiminin və ya ictimai xadimin, habelə xarici dövlət nümayəndəsinin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onun həyatına sui-qəsd etmə (terror aktı) 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 228.2.1-ci maddədə isə qeyd edilib ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
558 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...