Fuad Nəcəfli Naxçıvanda vəzifədən qovulanlardan DANIŞDI

Fuad Nəcəfli Naxçıvanda vəzifədən qovulanlardan DANIŞDI
“Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkib hissəsidir, struktur islahatları vacib məqam kimi önə çıxır. Nəzərə almaq lazımdır ki, müəssisə və təşkilatlarımızın Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları ilə sıx işləməsi üçün struktur dəyişikliklərinin aparılması labüddür və qaçılmaz bir prosesdir”.

GUNDEMİNFO.AZ xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirliyə müsahibəsində deyib.

MR-da aparılan kadr islahatları haqda suala F. Nəcəfli belə cavab verib:

“Təsəvvür edin ki, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının Naxçıvanda yerləşən adekvat qurumları 4-5 parçaya bölünmüş vəziyyətdədir. Onun metodiki bazası demək olar ki, mövcud deyil. Burada struktur vahidlərinin bəziləri natamamdır. Maddi-texniki baza isə demək olar ki, tam formalaşmış vəziyyətdə deyil. Ona görə də bu gün muxtar respublikada gördüyünüz kimi struktur islahatları tam sürətlə davam edir.

Əvvəlcədən elan etdiyimiz kimi, şəffaflıq və peşəkarlıq əsas prinsiplərimizdən biridir. Ona görə də bu tələblərə cavab verməyən, bu tələbləri qarşılaya bilməyən struktur rəhbərləri də vəzifələri ilə vidalaşmalı oldular. Onlarla nazirlik, komitə, idarələrin rəhbərləri novator, enerjili, peşəkar və şəffaf mühitdə işləməyi bacaran kadrlarla əvəzləndi…”

F. Nəcəfli müsahibəsində MR-da olduğu müddətdə 9 mindən artıq şikayət və vətəndaşın dinlənildiyini qeyd edib: “Hər bir rayon üzrə protokollar mövcuddur. Naxçıvan Muxtar Respublikasındakı problemlər əsasən əhalinin mülkiyyət hüquqlarının pozulması ilə bağlıdır. Təəssüflə qeyd edirəm ki, bu da ötən illərdə baş vermiş bəzi qanunsuz fəaliyyətlərin nəticəsində ortaya çıxmışdır. İndi məhkəmə orqanları bu məsələlərlə yaxından məşğuldurlar. Ədalətli qərarlar və şəffaf həll yolları ortaya çıxarılır”.

O, həmçinin Naxçıvanda dövlət sifarişləri əsasında tikilmiş tikililərin bir çoxunun öz funksiyalılığına görə, yarıtmaz vəziyyətdə olduğunu vurğulayıb: “Bu sahədə də bizim yeni işlərimiz olacaq. Yeni dövlət sifarişli tikinti layihələri başlayacaqdır. Bildirim ki, hazırda Naxçıvan şəhərinin baş planı da hazırlanmaqdadır. Əlbəttə ki, bütün bunlar hər biri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarının tələbləri əsasında formalaşdırılacaq. Bunun üçün də istər-istəməz müəyyən bir müddət tələb olunur. Normativ sənədlərin formalaşdırılması üçün bu müddətin gözlənilməsi əsas şərtlərdəndir. Ancaq bu sahə bizim nəzarətimizdədir. Fikirləşirəm ki, əsas hədəflərdən biri olaraq tikinti sahəsinin inkişafı qaçınılmaz və labüddür”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
555 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...