Deputat Naxçıvana biletin tapılmadığını deyir – AZAL-dan açıqlama

Deputat Naxçıvana biletin tapılmadığını deyir –
Bir neçə gün əvvəl Milli Məclisin deputatı Fazil Mustafa Bakıdan Naxçıvana təyyarə biletlərinin satışı məsələsində problemlərin olduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə Feysbuk profilində paylaşım edib.

“Yenə bir aydan artıqdır ki, Naxçıvana bileti böyük bir problemə çevirdilər. İran yolu bağlayıb, bircə təyyarə yolu qalıb. Tələbat varsa, təyyarələrin sayını artırın. Bir neçə il öncə bileti 60 manata qaldırdılar, onsuz da bu qiymətə keyfindən kimsə Naxçıvana getmir. Adamın ölüsü var, dirisi var, xəstəsi var, doğma yurd həsrəti var. Nədir bu bilet kassasının qarşısındakı zəhlətökən növbələr? 21-ci əsrdə bilet üçün bu qədər növbə olar? Qadını, yaşlısı, uşağı bilirsiniz nə çilə çəkir? Elektron bilet satışını deyirdiniz, hanı o biletlər? Kim məsuliyyət daşıyır buna? Təcili əncam çəkilməlidir”, - deputat yazıb.

Bu gün isə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidməti Naxçıvana reyslər barədə məlumat yayıb.

“Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) hazırda Bakı ilə Naxçıvan arasında reyslərə sərnişinlərin bütün tələbatını ödəyir. Tam əminliklə bildirik ki, hazırkı dövrdə bu istiqamətdə heç bir sərnişin aviabiletsiz qalmayıb. Belə olduğu təqdirdə isə sərnişinlərdən dərhal AZAL-ın [email protected] elektron ünvanı vasitəsilə müraciət etmələrini xahiş edirik.

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səyahət etməyi planlaşdıran bütün sərnişinlər aviabiletlə təmin olunacaqlar.

Aviadaşımalar mövsümündə yüksək tələbatı nəzərə alaraq, aviaşirkət tərəfindən bu istiqamətdə hər gün 8-10 uçuş yerinə yetirilir və gündəlik 2 minə yaxın sərnişin daşınır. Hazırda sərnişinlər bu istiqamətdə aviabiletləri həm onlayn, həm də aviaşirkətin rəsmi kassalarında rəsmiləşdirə bilirlər.
Lakin mövcud narahatlığı nəzərə alaraq, yaxın zamanda biletlərin satışı aviaşirkətin rəsmi www.azal.az saytı üzərindən tam onlayn şəkildə həyata keçiriləcək. Onlayn satışa keçidin dəqiq tarixi ictimaiyyətə açıqlanacaq.

Bir daha xatırlatmaq istərdik ki, hazırda aviabiletlərin dəyəri Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətləri üzrə aviabiletin qiyməti Azərbaycan vətəndaşları üçün 60 manat, xarici vətəndaşlar üçün 70 manatdır. Xüsusi kateqoriyadan olan şəxslərə isə 10 manat məbləğində güzəşt tətbiq olunur. Sərnişinlərdən mümkün fırıldaqçılıq hallarının qarşısını almaq üçün diqqətli olmalarını xahiş edirik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
487 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...