"Azərbaycan Prezidenti Putinə təzyiqi artırır" - "Politico"

"Azərbaycan Prezidenti Putinə təzyiqi artırır" -

Ötən gün məşhur "Politico" nəşri Prezident İlham Əliyevin "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış "Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə səsləndiryi fikirlərə həsr olunmuş xəbər yayımlayıb.

Qaynarinfo "Azərbaycan Prezidenti Putinə təzyiqi artırır: "ölümcül təyyarə qəzası" ilə bağlı ittihamlar" adlı həmin materialı təqdim edir:

"Azərbaycan Prezidenti İlham Əliyev, Milad bayramında baş verən və 38 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasında Rusiyanı günahlandıraraq məsul şəxslərin cəzalandırılmasını tələb edib.

"Əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu faciədə həlak olması ilə bağlı məsuliyyət Rusiya Federasiyasının nümayəndələrinin üzərinə düşür,” – deyə Prezident Əliyev bazar ertəsi qəzada həlak olmuş heyət üzvlərinin ailələri ilə görüş zamanı bildirib.

"Biz ədalət tələb edirik, məsuliyyət daşıyanların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik,” – Azərbaycan lideri əlavə edib.

Prezident Əliyevin sərt tənqidləri əvvəllər dost münasibətlərdə olan Bakı və Moskva arasında gərginliyin olduğunu göstərir. Azərbaycan, Rusiyanın Ukraynaya qarşı müharibəsində neytral mövqedə qalsa da, Bakı Moskvanın Cənubi Qafqazdakı ən iri ticarət tərəfdaşlarından biri olaraq qalır. Xüsusilə fosil yanacaqlar sahəsində artan ticarət əlaqələri Avropa İttifaqının Rusiya qazından asılılığını azaltmaq cəhdləri ilə dəstəklənir.

Rusiya Prezidenti Vladimir Putin Əliyevə zəng edərək hadisəyə görə üzr istəyib və qəza zamanı həmin ərazidə hava hücumundan müdafiə sistemlərinin işlək vəziyyətdə olduğunu bildirib. Lakin təyyarənin vurulmasına görə məsuliyyəti üzərinə götürməyib.

Bu üzr, Bakının Rusiyaya qarşı irəli sürdüyü üç tələbədən biri idi. Digər iki tələb isə günahın etiraf edilməsi və həm dövlətə, həm də zərərçəkənlərə təzminat ödənilməsidir.

Prezident Əliyev Rusiya dövlət qurumlarını "hadisəni ört-basdır etməyə və hadisənin necə baş verdiyinə dair absurd versiyaları müdafiə etməyə çalışmaqda” ittiham edib. Rusiya əvvəlcə qəzanın quş sürüsü səbəbindən baş verdiyini iddia etmişdi.

Azərbaycan təyyarənin qara qutularını təhlil üçün Braziliyaya göndərib. Mütəxəssislər yanvarın 3-də məlumatların araşdırılmasına başlayıblar.

Qəzaya uğramış mülki təyyarə dekabrın 25-də Bakıdan Rusiyanın Çeçenistan Respublikasının paytaxtı Qroznıya uçurdu. Sərnişinlər partlayış səsi eşitdiklərini bildirəndən sonra təyyarə planlaşdırılmış marşrutdan yüzlərlə kilometr kənara çıxıb və Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə sağ qalıb".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
71 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...