Hərf səhvimə görə sosial yardımdan imtina etdilər

Hərf səhvimə görə sosial yardımdan imtina etdilər
Fəxriyyə Tağıyeva: “Hərf səhvinə görə ünvanlı sosial yardımla bağlı müraciətimə imtina verilib”

Gədəbəy rayonu, Çaldaş kənd sakini Tağıyeva Fəxriyyə Rəsul qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, hərf səhvinə görə ona ünvanlı sosial yardım ayrılmasından imtina olunub:

“Mən, Tağıyeva Fəxriyə Rəsul qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işqılandırasınız.

Qeyd edim ki, Vətən uğrunda şəhid olan ailənin nəvəsiyəm. Atam və anam yoxdur. Ünvanlı sosial yardım üçün müraciət zamanı hərf səhvi etmişəm. İcazə vermirlər ki, kənd sovetindən arayış alım. Deyirlər ki, artıq mümkün deyil, gərək çıxarış çıxarılsın. Ona da imkanım yoxdur. Bir kağıza görə məndən 250 manat pul istəyirlər.

Oğlum böyrəyindən əməliyyat olunub. Heç bir yerdən imkanımız yoxdur. Gündəlik 5 manata maşın ustası yanında köməkşi işləyir. Bilmirəm bu pula da ərzaq, yoxsa paltar alaq.

Dövlət Sosial Müdafiə Fondunun Bərdə Rayon Şöbəsinə getdim. Dedim ki, vəziyyətim pisdir. Ordan da mənə bildirilər ki, sən VÖEN ödə, 1 ildən sonra yenidən baxarıq. 1 il mən necə VÖEN ödəyim?

Qeyd edim ki, Məşğulluq İdarəsinə qəbula da yazıldım. Həmin vaxtlarda anam rəhmətə getdi. Sonra dedilər ki, sizə imtina verilib. İmtinanın səbəbini hələ də bilmirəm.

Qardaşımın himayəsində yaşayıram. O, evlənsə mən harada qalacağam? Atamdan bizə bir ev qalıb. Evinsə bir hissəsini zəlzələ dağıdıb”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili ilə əlaqə saxladıq. O, şikayətçinin müraciətinin araşdırılacağını bildirdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
91 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...