Tağı Əhmədovun oğlu və qardaşı oğlu da Akif Çovdarovla üzləşdirildi - "MTN İŞİ"
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Modern.az xəbər verir ki, bu gün keçirilən prosesdə "Bakı Metropolitieni" ASC-nin sabiq rəisi Tağı Əhmədovun zərərçəkmiş qismində ifadə verib.
Prosesdən sonra A.Çovdarovun vəkili Sadiq Rəsulov jurnalistlərə açıqlamasında bildirib ki, T.Əhmədov dindirilərkən müdafiəçilərin ona ünvanlanan suallarından yayınıb.
"Report"un xəbərinə görə, S.Rəsulov bildirib ki, T.Əhmədov məhkəmədə ziddiyyətli ifadələr verib: "Akif Çovdarov da Tağı Əhmədovun prosesdə qalmasını və ona suallar vermək istədiyini dedi. Hakim bunu təmin etmədi. Daha sonra biz Tağı Əhmədovdan 44 illik əmək haqqısı dediyi 3 milyon manat məbləğin mənbəyini soruşmaq istədik. Lakin hakim buna imkan vermədi. Mən 2006-cı ildən Tağı Əhmədovun işlədiyi müddətdə onun illik əmək haqqısı haqda çıxarış almışam. Tağı Əhmədovun qazancı illik maaşı 20-25 min manat olub. Bu da heç bir halda 3 milyon etmir".
Vəkil R.Sadıqov bildirib ki, anket məlumatlarında T.Əhmədovun həmin vaxt o ərazidə olmadığı bəlli olub: "Bu barədə Dövlət Sərhəd Xidmətinə sorğu verdim. Sorğuya əsasən, martın 26-da Tağı Əhmədov ölkədə olmayıb. O, həmin vaxt Dubayda olub. Tağı Əhmədov isə istintaqda elə söz demədiyini söylədi. Bu zaman hakim ona çıxıb getməsi göstərişini verdi və o da zaldan çölə çıxdı".
R.Sadıqov qeyd edib ki, məhkəmədə A.Çovdarov T.Əhmədova düz danışmasını istəyib: "Akif Çovdarov ona söylədi ki, "Tağı Əhmədov, düz danış. Mən 8 il sənin kuratorun olmuşam. Bir dəfə də olsun ki, səninlə aramda telefon danışığı olmayıb". Tağı Əhmədov da bunu təsdiqlədi".
Daha sonra iclasda T.Əhmədovun oğlu Ruslan və qardaşı oğlu Əhmədov Əli dindirilib. Proses günün ikinci yarısında davam etdiriləcək.
1140 dəfə oxundu