Bakıda 3.5 milyon dollar pul atdı - Qazaxıstanda tutuldu
Bakı sakininin 3,4 milyon ABŞ dolları məbləğində vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Loğman Abdullayevin atası Çingiz Abdullayev həbs edilib.
Vəkil Fariz Namazlının APA-ya verdiyi məlumata görə, Ç. Abdullayev Qazaxıstanda saxlanılıb və Azərbaycana ekstradisiya edilib.
Ç. Abdullayev Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunur.
Qeyd edək ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı sakini Tofiq Nadir oğlu Zülfüqarovun 3 milyon 400 min ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Nurlan Bayramov, Gəray Abdullayev və Tural Qasımovun məhkəməsi başa çatıb.
F. Tağıyev, R. Hacıyev və T. Qasımov barəsində ev dustaqlığı tədbiri seçilib. Həmin şəxslər CM-nin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 170. 3-cü (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunublar.
Məhkəmənin hökmü ilə Loğman Abdullayev və Nurlan Bayramovun hər biri 18 il, Pərviz Rzayev və Emin Qasımovun hər biri isə 16 il müddətinə azadlıqdan məhrum ediliblər.
Digər şəxslərə şərti cəza verilib.
1039 dəfə oxundu