General oğlunun şikayəti əsasında məhkəmə başladı
Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov, Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. Gundeminfo.az xəbər verir ki, prosesdə R. Orucovun vəkilləri vəsatətlə çıxış edərək, əlavə şahidlərin məhkəmədə dindirilməsini istəyiblər.
Məhkəmə vəsatətin müzakirəsini aprelin 5-dək təxirə salıb.
Qeyd edək ki, Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Orucov 1 il 6 ay avtomobil idarəetmə hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Onunla birgə saxlanılan Kənan Vəliyev və Pərviz Abbasovun hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Onlar məhkəmə zalında həbs edilib.
Hüquq-mühafizə orqanlarının yaydığı məlumatda bildirilir ki, ötən il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi "BMW" markalı, 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib, hadisə yerindən qaçdığına üçün 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib.
R. Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə sabiq müavini - Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin keçmiş rəisi, general Novruzəli Orucovun oğludur. N. Orucov hadisədən sonra tutduğu vəzifədən azad edilib./apa/
865 dəfə oxundu