"Atam nazir müavini olsaydı, sənə 15 min niyə verirdim?"- jurnalist vəsiqəsi satanın məhkəmə işi
Dələduzluqda və rüşvət verməkdə ittiham olunan “Zaman Press” qəzetinin baş redaktoru Gündüz Hüseynov hakim qarşısın çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində G.Hüseynovun cinayət işi üzrə məhkəmə iclasına hakim Eldar İsmayılov sədrlik edib. Məhkəmə prosesində şahid qismində işdə adı keçən Aslan Ağayev dindirilib.
G.Hüseynov hər prosesdə onu aldadan şəxsin Aslan Ağayev olduğunu, pulları da onun ələ keçirdiyini deyirdi. Bu səbəbdən də A.Ağayev məhkəməyə əlavə şahid kimi çağırılıb.
Şahid ifafəsin bildirib ki, təqsirləndirilən şəxsin ona pul borcu var.
Bu zaman təqsirləndirilən şəxs isə bildirib ki, Aslan ona silah çəkib: "Mənə çəkdiyin silahı burda da çək. Məni korrupsiya ilə hədələyirdin, onları danış. Bütün pulları əlimdən sən almısan. Zibilə məni sən salmısan". Şahid bildirib ki, Gündüz Hüseynovla onu Emin Poladov adlı şəxs tanış edib: "Emin mənim iş yoldaşım olub. Bizi o tanış edib. Dedi, jurnalistlərə tikilən binada ev var. Məndən 15 min manat aldı. Sənədləşmə üçün ayrı pul verdim. Dostlarım Maksimdən də Dimadan da 20 min manat almışdı.
Dimanın pulunu qaytardı. Xalamoğlu Emin İlyasov da 18 min verib. Pulları "Kamalə Nərmin" restoranın yanında vermişəm. Heç bir sənədim, sübutum yoxdur. Buna görə də şikayətçi ola bilmədim. Mənə də xalamoğluna jurnalist vəsiqəsi vermişdi. İkimiz də xüsusi müxbir idik. Qəzetində bizim adımızdan məqalalər çap olunurdu. Hər ay yazılarımız çıxırdı. Yazıları isə özü yazırdı".
Təqsirləndirilən şəxs bildirib ki, Aslan Ağayev ona nazir müavinin oğlu olduğunu deyib: "Məni hədələyirdi ki, atası nazir müavinidir. Atası ilə də görüşmüşəm. Dedi ki, Kənd Təsərrüfatı nazirinin müaviniyəm".
Aslan Ağayev bildirib ki, nazir müavinin oğlu olsaydı mənzili olardı: "Nazir müavinin oğlu olsam, 15 min niyə sənə verirdim? Gedib şəhərin mərkəzində öz qiymətinə ev alardım".
Hakim A.Ağayevdən niyə şikayətçi olmadığını soruşub: "Xalamoğlu ilə nə qədər pulumuzu istədik vermədi. Ev də alınmadı. Gördük ki, tutulub. Fikirləşdik ki, onsuz həbsə gedir, pulu ondan ala bilməyəcik. Ona görə də, şikayətçi olmadıq".
Hakim qeyd edib ki, şahidin də dediklərinə boşluqlar var: "Bununla bağlı araşdırma aparılacaq".
Məhkəmə istintaqının başa çatdığı elan edilib. Prokuror çıxışında Gündüz Hüseynovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə prosesi mayın 1-də davam edəcək.
İttihama görə, Gündüz Hüseynov öz işçilərinə qarşı dələduzluq edib. O, 200 min manatdan artıq pulu dələduzluqla almaqda ittiham olunur.
Gündüz Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək), 32.4, 312.2-ci (iştirakçılıq, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham edilir.
Bildirək ki, “Zaman Press” qəzeti Mətbuat Şurasının reket qəzetlər siyahısına salınıb.
Gündüz Hüseynov ayrı-ayrı şəxslərə qəzetin vəsiqəsini verib. Həmin şəxslərə jurnalistlər üçün tikilən binadan ev almasına kömək edəcəyini deyib. O, zərərçəkmişlərə vəsiqələr verərək adlarından qəzetdə yazılar çap etdirirmiş. Onun jurnalist vəsiqəsi verdiyi şəxslər arasında taksi sürücüsü, maşın ustası və toy məclislərində müğənni kimi iştirak edən şəxslər də var.
847 dəfə oxundu