"Quska"nın vəkili danışdı: "Heç bir narazılığı yoxdur"
Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən, hazırda həbsdə olan sabiq millət vəkili Hüseyn Abdullayev növbəti dəfə vəkili ilə görüşüb. GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında H.Abdullayevin vəkili Ruhid Əkbərov deyib.
Vəkil bildirib ki, H.Abdullayevlə görüş zamanı onun səhhəti və saxlanma şəraiti ilə də maraqlanıb: "Hüseyn Abdullayevlə görüşməklə bağlı heç bir problem yoxdur, görüş üçün normal şərait yaradılıb. Görüşmüşəm, saxlanma şəraiti və səhhətindən heç bir narazılığı yoxdur".
Qeyd edək ki, Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun birgə məlumatına görə, Araz İNC MMC-də 1 milyon 436 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödəməməsi faktı üzrə 7 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb, cəmiyyətin fəaliyyətinə faktiki rəhbərlik etmiş Abdullayev Hüseyn Abbas oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib, Azərbaycan ərazisindən kənarda istintaqdan gizləndiyi üçün barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilməklə "İnterpol” xətti ilə beynəlxalq axtarış elan olunub.
3 oktyabr 2016-cı il tarixdə H.Abdullayevə ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılıb.
Təqsirləndirilən şəxs H.Abdullayev Türkiyə Respublikası ərazisində tutularaq 22 aprel 2018-ci il tarixdə Azərbaycan hüquq mühafizə orqanlarına təhvil verilib.
Cinayət işi üzrə H.Abdullayev özünün seçdiyi müdafiəçinin iştirakı ilə dindirilmiş və Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilib.
Bundan başqa, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi Araz-İnşaat ASC-də onun tapşırığına əsasən müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək ümumilikdə 1 milyon 374 min manat məbləğində gəlirlərin cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müəyyən edilib. Eləcə də H.Abdullayevin dəfələrlə N.Babayev vasitəsilə, daha sonra isə Almaniyadan istifadəsində olan telefondan "Autist Uşaqların Reablitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nəlayiq ifadələr işlədib tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilib.
956 dəfə oxundu