“Mənimlə intim münasibət qurmaq istəyirdi” — Jurnalistlə məktəb direktorunun məhkəmə işi
Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən "amerikapress.com" saytının rəhbəri Rauf Sultanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. “Ölkə.Az”-ın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə R.Sultanov vəsatət qaldırıb.
O, söyləyib ki, vəzifəli şəxs olmamasına baxmayaraq, rüşvət alma maddəsi ilə ittiham olunur. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini, bu vəsatəti təmin olunmadığı halda, haqqında seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək şərtilə qətimkan tədbiri ilə əvəz edilməsini istəyib.
Məhkəmə hər iki vəsatəti təmin etməyib.
Bu zaman R.Sultanov hakimin qərarına etiraz edib.
Daha sonra dövlət ittihamçısı itiham aktını elan edib.
İttihama münasibət bildirən R.Sultanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
Məhkəmədə 187 saylı orta məktəbin direktoru Nailə Məmmədova şahid qismində ifadə verib. O, bildirib ki, 2017-ci ilin avqustundan jurnalistlər ona zəng etməyə başlayıb, məktəblə bağlı suallar veriblər: "Barəmdə internetdə xoşagəlməz yazılar dərc olundu. Sonra mənə zəng etdilər, amerkalı jurnalistlər olduqlarını dedilər. Məndən 5 min manat istədilər".
N.Məmmədova qeyd edib ki, sonradan bir neçə nəfərlə görüşüb, məbləğ 5 mindən 2 min manata qədər endirilib:
“İki min manata razılaşdıqdan sonra Rauf məni tez-tez narahat edirdi. Görüntülü zəng edəndə şəkər xəstəsi olduğumu, ayağımı isti suya qoyduğumu göstərdim, məni narahat etməməyini istədim. Amma bu əməlindən əl çəkmirdi. Evdə gənc oğlum, ailəm var. Onlar da narahat olurdular. Məcbur qalaraq korrupsiya idarəsinə müraciət etdim”.
Direktor R.Sultanovun həbs edilməsi üçün qurulan əməliyyatdan danışıb: "Pulu vermək üçün təqsirləndirilən şəxs məni evinə çağırdı. Nə içdiyimi soruşdu. Mən də dedim ki, "heç nə içmirəm, amma başı xəmirli tut arağı istəyirəm". Bunu da zarafatla ona dedim. Onun evində görüşəndə Baş prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin işçiləri gec gəldi. Mən də bu səbəbdən Raufu evində danışmaqla başını qarışdırdım, ona suallar verməyə başladım. Sonra qapının ağzında yerə yıxdım, üstünə oturdum ki, qaça bilməsin”.
N.Məmmədova bildirib ki, 40 ilin müəllimidir, 11 ildir məktəb direktoru işləyir. Direktor R.Sultanovun onunla şəxsi münasibət qurmaq istəməsi barədə də ifadə işlədib.
R.Sultanov söyləyib ki, ona qarşı irəli sürülən ittiham saxtadır: “Mənim Nailə Məmmədova ilə münasibət qurmağım söhbəti yalandır. Nailə mənim anam yaşında qadındır. Evimə daha gənc qızlar gəlib. İngiltərədən, Almaniyadan evimə qızlar gətizdirmişəm”.
Məhkəmənin növbəti prosesi iyunun 4-nə təyin edilib.
İttiham aktına əsasən, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində R.Sultanov yaşadığı evdə rüşvət alarkən yaxalanıb. O, 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət almaqda təqsirli bilinir.
R.Sultanov dələduzluqda təqsirləndirilərək əvvəllər də məhkumluq həyatı yaşayıb. Bundan əvvəl o, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə ittiham edilib.
1429 dəfə oxundu