Bakıda həbs olunmaq istəyən şəxs banka basqın edib müştərini girov götürdü

Bakıda həbs olunmaq istəyən şəxs banka basqın edib müştərini girov götürdü


Bakı Ağır Cinayətlər Məhkəməsində banka basqın edib müştərini girov götürməkdə ittiham olunan Nazim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, hadisə bu il yanvarın 18-də günorta saatlarında “Turan Bank” ASC-nin Yasamal filialında baş verib. Filiala gələn Nazim Məmmədov qəflətən 51 yaşlı müştəri Səriyyə Nəcəfovanın boğaz nahiyəsinə bıçaq dirəyib. O, xəzinədar Kənan Miriyevdən pul verməyi tələb edib, əks halda, qadını öldürəcəyini deyib.

Həmin zaman kassada ümumilikdə 198 min 345 manat olub. Mühafizə siqnalizasiyası işə düşüb, hadisə yerinə polis əməkdaşları gəlib. N.Məmmədov polis əməkdaşları tərəfindən tərksilah olunub.

N. Məmmədov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində külli miqdarda borcu olduğunu, bu üzdən əsəblərinin pozuduğunu göstərib: "Tutulmağımı istəyirdim. Ona görə cinayət törətdim. Onsuz da mənə pul verməyəcəklərini bilirdim. Niyyətim bankı soymaq deyildi. Kassada o qədər pul olacağını da bilməzdim, dedim yəqin 3-5 min olar. Özüm də konkret məbləğ istəməmişəm. Qohumlarımdan borc almışdım, 12 min 800 manat borcum var idi. Mənə elə gəlirdi ki, kimsə mənə xəsarət yetirə bilər, ona görə də, özümlə çörək bıçağı götürmüşdüm. Mənim hərəkətlərimin əksəriyyəti məntiqli deyildi".



N.Məmmədov törətdiyi əmələ görə peşman olduğunu söyləyib: "Etdiklərimə görə üzr istəyirəm. Qadın kassaya yaxın olduğu üçün məhz onu tutdum, başqa heç kəsə hədə-qorxu gəlmədim. Fikirləşdim, yəqin bir-iki il cəza alıb çıxaram. Bilsəydim buna görə məni 10-15 il cəza gözləyir, bunu etməzdim. Borclarımı bu günə kimi də ödəyə bilməmişəm".

N.Məmmədovun vəkili bildirib ki, müdafiə etdiyi şəxs həyat yoldaşından ayrılıb, üç övladına görə aliment ödəyir. Həmçinin, əsəb xəstəliyinə görə psixotrop maddələr qəbul edib. 2009-cu ildə Psixiatriya Xəstəxanasında müalicə olunub.

Məhkəmədə daha sonra şahidlər ifadə verib. Adıçəkilən bankın filialında şöbə müdiri işləyən Fərhad İsmayılov ifadəsində hadisə zamanı bankda olduğunu deyib: "Qadının boğazına bıçaq dirəyib dayanmışdı, ona pul verilməsini tələb edirdi, söyüşlər söyürdü. Danışıb sakitləşdirdik. Qadını buraxdı, mühafizəçilər gəldi, bundan sonra bıçağı yerə qoydu".

Təqsirləndirilən şəxsin qardaşı Nizami Məmmədov deyib ki, Nazimin 20 min manata yaxın borcu olduğunu bilib: "Hamıya, hətta mənə də borcu vardı. Düzdür, mən bunu borc hebab etmirdim. Özü deyirdi ki, bir neçə nəfərdən borc alıb, bezib onların əlindən, utanır. Hadisədən sonra da niyə belə etdiyini soruşdum, dedi gedib türmədə sakit oturmaq istəyirəm".

Məhkəmə prosesi iyunun 5 də davam edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
766 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...