78 yaşlı süpürgəçi yol qəzasında ölüb- çalışdığı idarə onu həmin gün işdən çıxarıb
Ölümlə nəticələnən qəza törədən avtobus sürücüsü hakim qarşısına çıxarılıb. Məhkəmədə bu işlə bağlı bir neçə maraqlı məqam üzə çıxıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən qəzası törətməkdə təqsirləndirilən Əflatun Cəfərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Faiq Qəniyevin sədrliyi ilə məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən şəxs ittihamla özünü təqsirli bilib. Əflatun Cəfərov sərbəst ifadəsində fəhlə işlədiyini, imkansızlıqdan avtobus sürücülüyü etdiyini bildirib. Amma Ə.Cəfərov söyləyib ki, həmin gün sürücü kimi xəttə çıxmyıbmış. Belə ki, Ə.Cəfərov dostu, avtobus sürücüsü işləyən Əmir adlı şəxsin ona zəng etdiyini və ondan kömək istədiyini bildirib:
"Əmir dedi ki, xəstələnib. Həkimə gedəcəyi üçün avtobusu mənim sürməyimi istədi. Mən də ona kömək üçün getdim".
Hakim təqsirləndirilən şəxsə xatırladıb ki, məhkəmə onun uzun müddətdir avtobus sürücüsü işləməsi ilə bağlı məlumay daxil olub.
Ə.Cəfərovun sürücülük vəsiqəsi olsa da onun avtobus idarə etmək üçün müvafiq kateqoriyası olmayıb. Bu səbəbdən də bu cür ifadə verib.
Prokuror da Ə.Cəfərova xəbərdarlıq edib və məhkəməyə səmimi ifadə verməsini təklif edib.
Ə.Cəfərov ifadəsinə eyni qaydada davam edib və jadisə baş verən gün haqda danışıb: "Səhər saat 7 olardı. Hava alaqaranlı idi. Mən də 40 sürətlə gedirdim. Heç yolu keçən şəxsi görmürdüm. Qarşıdan gələn maşın işıqları yandırıb söndürdü. Onda baxdım. Sola çəksəm də gec idi. Maşının sağ tərəfi ona dəydi. Düşüb maşına qoyub xəstəxanaya çatdırdıq".
Məhkəmədə mərhumun oğlu, hüquqi varis kimi tanınan Mehman Yadigarov da iştirak edib.
O, atasının Sabunu rayon Mənzil Kommunal Təsərrüfat Birliyində süpürgəçi işlədiyini bildirib.
Hakim bildirib ki, iş materiallarında mərhumun heç yerdə işləmədiyi yazılıb:
"Bu yalandır. Çünki onlar başından atmaq istəyirdilər. Mən özüm gedib idarəyə məlumat verdim ki, atam ölüb. Təsəvvür edin ki, 3 gün keçmişdi, amma xəbərləri yox idi. Birinci dedilər ki, işləmir. Mən mühasibatlıqdan soruşdum. Dedilər ki, işləyir. Atamın orda işləməsini başdan eləmək istəyirdilər".
Məlum olub ki, mərhum yol qəzasında vəfat etdiyi gün onu işdən azad ediblərmiş. Halbuki o, iş zamanı düşdüyü avtomobil qəzasında dünyasını dətişib.
M.Yadigarov atasının 78 yaşında süpürgəçi işləməsinin səbəbini isə məhkəməyə belə izah edib:
"İki qardaşıq. Onun işləməsinə ehtiyac yox idi. Amma inanın ki, o özü bunu istəyirdi".
Məhkəmədə o da məlum olub ki, Ə.Cəfərovun idarə etdiyi avtobus 148 saylı marşurut xəttinə aiddir və bu marşurut xəttinin sahibi isə Zabrat qəsbəsinin sabiq bələdiyyə sədri Adil Hənifəyevdir.
Məhkəmə Ə.Cəfərovu sürücü kimi işə götürən məsul şəxsin və marşurut xəttinin sahibinin də dindirilməsi qərarına gəlib. Növbəti məhkəmə iclasına onlar şahid kimi dəvət ediləcək.
Bildirək ki, yol qəzası ötən il Sabunçu rayonu ərazisində baş verib. Şəhər şosesində, Koroğlu metrostansiyası ilə Zabrat qəsəbəsi arasında sərnişin daşıma ilə məşğul olan 148 saylı marşrut avtobusu yolu keçən 1940-cı il təvəllüdlü Yadigarov Şıxməmməd Xəlil oğlunu vurub. "İsuzu" markalı, 90 RJ 388 dövlət qeydiyyat nişanlı avtobusun vurduğu piyada hadisə yerində ölüb.
874 dəfə oxundu