Direktorun həyətinə silah qoyan jurnalistə hökm oxundu
Dələduzluqda və reketçilikdə təqsirləndirilərək həbs edilən jurnalistin məhkəməsi davam etdirilib. O, məhkəmənin çağırışlarına məhəl qoymadığı üçün həbs olunub. Jurnalistin dələduzluqdan başqa daha ağır cinayət əməli törətdiyi də üzə çıxıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur Məmmədovun (Elnur Vaqifoğlu) cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında məlum olub ki, Elnur Məmmədov öz qohumu olan Orxan Mehrəliyevə qarşı dələduzluq edib. Belə ki, E.Məmmədov qohumundan 10 min manat alaraq məhkəmədə olan işini onun xeyrinə həll etdirəcəyini vəd edib. Məhkəmənin hökmü ilə E.Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib. Bildirək ki, E.Məmmədovdan Ağdam rayonunun sabiq icra başçısı Raqub Məmmədov şikayətçi olub. Raqub Məmmədov icra başçısı olan zaman Elnur Məmmədovun onun barəsində böhtan xarakterli yazılar yazmasına görə şikayət edib. Qeyd edək ki, Elnur Məmmədov dələduzluğa görə həbs edilən ərəfədə onun daha bir cinayət hadisəsinin iştirakçısı olduğu üzə çıxıb.
Daxili işlər orqanlarının mayın 14-də həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilən Elnur Məmmədovun şantaj və hədə-qorxu ilə məşğul olduğunu aşkar edib. E.Məmmədovun ətrafında davam etdirilən araşdırma nəticəsində 2018-ci il fevralın 9-da Ağdam şəhər sakini Polad Zeynalovun həyətindən silah-sursatın aşkar olunması faktına görə Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə istintaqı aparılan cinayətin açılması da təmin edilib.
Müəyyən olunub ki, Ağdam rayon sakinləri – 1-ci Yüzbaşlı kənd orta məktəbinin direktoru Polad Zeynalov və həmin məktəbin müəllimi Vüsal Əliyev arasında iş prosesində münaqişə yaranıb. Müəllim direktora problemlər yaratmaq üçün tanışı Elnur Məmmədova müraciət edərək ona məxsus “dosye.az” saytında işlədiyi məktəb haqqında neqativ məzmunlu məqalələr dərc etməyi sifariş verib.
V.Əliyev bununla kifayətlənməyərək P.Zeynalovu həbs etdirmək qərarına gəlib və bu məqsədlə 2017-ci ilin dekabr ayında yeznəsi Rizvan Mirzaliyevlə birlikdə onun qanunsuz olaraq saxladığı 2 ədəd əl qumbarası, 3 ədəd əl qumbarasına aid alışqan, 3 ədəd “Kalaşnikov” avtomatına aid daraq və 9 ədəd patronu direktor P.Zeynalovun həyətyanı sahəsində gizlədiblər.
Bundan sonra E.Məmmədov hüquq-mühafizə orqanlarının birində işləyən tanışına müraciət edərək direktorun qanunsuz silah saxlaması barədə məlumat verib. 2018-ci il fevralın 9-da həmin məlumat əsasında sonuncunun evində və həyətində axtarış aparılıb və oradan V.Əliyev və R.Mirzaliyevin gizlətdikləri silah-sursat aşkar olunub. Dindirmə zamanı Elnur Məmmədov, Vüsal Əliyev və Rizvan Mirzaliyev törətdikləri cinayəti etiraf edib, hər üç şəxs həbs olunub.
Hər üç şəxs barəsində istintaq tədbirləri davam etdirilir.
882 dəfə oxundu