“Avtoşluq” edənlər - Yol polisinin həbs ediyi “ərköyün uşaqlar” kimlərin balalarıdır…

“Bu ilin 5 ayında avtoxuliqanlığa görə respublika üzrə 160, 2020-ci ildə isə 247 sürücü saxlanılıb”.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev bildirib.

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov da öz növbəsində Modern.az-a deyib ki, ilin əvvəlindən respublikada qeydə alınan avtoxuliqanlıq hadisələri zamanı Bakı şəhəri üzrə 41 avtoxuliqan saxlanılıb:

“Avtoxuliqanlar barəsində tərtib edilmiş inzibati protokollar məhkəmələrə göndərilib və onlar haqqında həbs qərarı verilib. Onların hər biri 5-30 sutkalıq həbs ediliblər. Avtoxuliqanlar əsasən 23-30 yaş arasında olanlardır, yeganə istisna 41 yaşlı vətəndaşdır”.

V.Əsədov Modern.az-ın suallarını cavablandırarkən, zaman keçdikcə, avtoxuliqanlıq edənlərin sayında əhəmiyyətli azalma olduğunu qeyd edib.

Qanun “avtoşlar”a qalib gəlir

V.Əsədov eyni zamanda, gənclərin bu istəklərini reallaşdırmaları üçün ayrılması nəzərdə tutulan yerlər barədə də danışıb:

“Hələ illər əvvəl nəqliyyat vasitəsini idarəetmə məharətini, eləcə də avtomobil idman yarışlarının keçirilməsi, gənclərin bu əraziyə toplanması üçün yerin yaranması nəzərdə tutulurdu. Təəssüf ki, həmin ərazinin tikilib tam olaraq başa çatdırılmaması, istifadəyə verilməməsi bir qədər problem yaşatdı. Amma “Yol hərəkəti haqqında” Qanuna və İnzibati Xətalar Məcəlləsinə vaxtında edilmiş əlavə və dəyişikliklər, yəni avtoxuliqanlıq edənlər barəsində konkret həbs, sürücülük hüququndan məhrumetmə, müəyyən məbləğdə cərimə inzibati tənbeh tədbirləri tətbiq edildi. Və yol polisinin məqsədli şəkildə apardığı təbliğat bəzi “avtoşluq” niyyətində olan gənclərin bu fikirdən kənarlaşmasına səbəb oldu.

Hazırda açıq-aşkar şəkildə avtoxuliqanlıq etmək niyyətilə əraziyə çıxıb avtomobili idarə etmək məharətini göstərənlər demək olar ki, yox səviyyədədir. Çünki dövlət yol polisinin hər bir əməkdaşı xidmət etdiyi ərazidə belə faktlara qarşı mübarizə tədbirlərini gücləndirib. Nə yaxşı ki, qanunvericilikdə bununla bağlı sərt inzibati tənbeh tədibrləri görülüb ki, bu da işin müsbət tərəfidir”.

Könlünüzdən “avtoşluq” keçir?

V.Əsədovun sözlərinə görə, “avtoşluq”, yaxud nəqliyyat vasitələrilə avtomobil idman oyunları yarışının təşkil edilməsi qanunvericiliyin tələbləri əsasında olmalıdır:

“Bununla əlaqədar “Ofron” avtomobil klubu, keçilməz yollarla avtomobili idarəetmə bacarığını göstərən yerlər var ki, gənclər oraya müraciət edib öz məharətini göstərə bilər. Gənclərin həqiqətən də nəqliyyat vasitəsini idarəetmə bacarıqları varsa, məhz bu klubların hesabına onlar üçün ayrılmış ərazilərdə, yaxud da keçilməz yolların siyahısı olduğu ərazilərdə öz bilik və bacarıqlarını göstərirlər. Binə tərəfdə onların təşkil etdiyi yarışda iştirak etmişəm və doğrusu mənim də çox xoşuma gəlib. Razılaşdırılmış formada belə oyunların keçirilməsi ilk növbədə qanunvericiliyin tələblərinə uyğundur. Çünki razılaşdırılmış yarışlarda hər hansı qəfləti hal baş verərsə, hadisənin ağırlıq dərəcəsinin yüngülləşdirilməsinə şərait yaranır. Razılığı alınmış, xüsusi ayrılmış ərazilərdə bəzi qurumların nəzarəti altında keçirilən bu yarışlarda hər şey ola bilər. Avtomobil yana, aşa, toqquşa, xəsarət alan ola bilər. Razılaşdırılmış oyunlarda yanğınsöndürənlər, təcili tibbi yardım və s. olur. Son illər Azərbaycanda keçirilən Formula-1 yarışları böyük maraq doğurur. Yarışlar zamanı qəza baş verərsə, dərhal hadisə yerinə yardım gəlir. “Avtoşluq” yarışlarında iştirak edənlər də yaxşı bilir ki, bu zaman xoşagəlməz hadisə baş verə bilər. Ona görə də “avtoşluq” etmək istəyən gənclər xüsusi avtomobil klublarına yazılmalı və onlar üçün yaradılmış şəraitdə öz bilik və bacarıqlarını nümayiş etdirməlidirlər. Bunun üçün “Opel” klub, MB klub, “Mercedes” kimi klublar var”.
“Avtoşluq” edənlər -

“Ərköyün uşaqlar yoxa çıxıb”

Bölmə rəisi “avtoşluq” həvəsinə düşənlərin zəngin ailələr, “papa uşaqları”nın adına bağlanması ilə razılaşmayıb:

“Mən o gənclərlə dəfələrlə görüşlər keçrimişəm, razılaşdırılmış formada tədbirlərində də iştirak etmişəm. Orada yaş həddi və həyat tərzini müəyyənləşdirən bir kateqoriya yoxdur. Sadəcə, vətəndaş öz güc və bacarığını avtomobili fərqli idarə etməklə göstərməyə çalışır. Onlar müvafiq avtomobil klublarına müraciət edib klub üzvü ola, klub üzləri üçün ayrılmış şərait üzrə sərbəst hərəkət edə bilərlər. Mən özüm də tərəfdarıyam ki, avtomobil idarə etməyi bacaranlar üçün yarışlar keçirilsin, onlar qələbə qazanıb bayrağımızı uclatsınlar. Vaxtilə 1977-78-ci illərdə Özbəkistan Tofiq Bəhramov adına stadionda avtomobil idarəetmə məharəti olan sürücülər üçün yarışlar keçirirdi. Maşının iki təkər üstə qaldırılıb stadion boyu dairəvi hərəkət etməsinin şahidi olmuşam. Maşın sağ tərəfi üzrə iki təkər üstündə gedib, sürücünün yanında olan sərnişin açarla təkəri açıb, yenidən bağlayıb. Mən bunu gözümlə görmüşəm. Bu əsl avtomobil yarışı, avtomobil idarəetmə bacarığıdır. Amma bunu ümumi istifadədə olan yolda etmək qadağandır. Təbii ki, Dövlət Yol Polisi İdarəsinin əməkdaşları buna imkan da verməz. Bu edilən əməllər sırf avtoxuliqanlıqdır. Amma ümumi praktikada avtoxuliqanlıq etmək istəyənlərin sayında kifayət qədər azalmalar var. Əvvəlki illərdəki kimi ərköyün uşaqlar daha yoxdur. Əvvəl kim görürdü həvəs oyanırdı. Yadımdadır, daha çox “Beşmərtəbə” deyilən yerə yığışırdılar. Sumqayıtdan ailələr tökülüşb gəlirdilər ki, bu şouya tamaşa etsinlər. Gecə saat 3-ə qədər “Beşmərtəbə” dairəsində insanlarla qarşı-qarşıya durub təbliğat aparmağa çalışırdıq ki, etdikləri yaxşı əməl deyil. Beləliklə məqsədli, arcıdıl tədbilər sayəsində avtoxuliqanlıq etmək istəyənlərin hərəkətlərinə son qoyuldu”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
782 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...