Azərbaycanlı bloqer “qadınları zorlayın” çağırışı etdi - VİDEO
Son illər Azərbaycanda qadın qətlləri, qadınlara qarşı zorakı cinayətlərin sayı artır. İstintaq zamanı bu cinayətlərin qısqanclıq zəminində, kişi eqosunun tələbləri çərçivəsində baş verdiyi aydın olur.
“Qafqazinfo” xəbər verir ki, dünən sosial şəbəkədə özünü “Pantural” kimi təqdim edən şəxs izləyicisi olan böyük kütləyə, kişi cinsindən olan şəxslərə xitab edərək ictimai yerlərdə onları şəhvətləndirən qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyə çağırış edib.
“Pantural” videosunda açıq-saçıq geyinən qadınların kişiləri narahat etdiyini deyib: “Sən diskomfort yaşadırsan. Bəli, şüur bizə verilib ki, nəfsimizə qalib gələk. Buna görə də siz küçədə salamat gəzə bilirsiniz, başınızı üzmürük ya da şapalaq vurmuruq, amma vurmaq lazımdır”.
Həmin şəxs daha da irəli gedərək sosial şəbəkələrdə müzakirələr zamanı “harada açıq-saçıq q****q gördüz, zorlayın, adlı çağırış edirəm” deyə şərh yazıb.
70 min izləyicisi olan bloqer daha sonra "Pantural üzr istədi" adlı ironik başlıqlı videosunda bu çağırışına görə onu tənqid edənləri fahişə adlandırıb.
Xatırladaq ki, ötən il sosial şəbəkələrdə müəyyən izləyici kütləsi olan şəxslər də narkotik istifadə etməyin təbliğatını aparırdılar. Həmin fenomenlər “patı”, “şüşə” və marixuananın adına uyğun mahnılar səsləndirərək narkomaniyanı təbliğ edirdilər. Daxili İşlər Nazirliyi həmin vaxt onların bir neçəsini həbs etsə də, bu gün artıq “patı”dan asılılığın qarşısını almaq olmur. Bir il öncə sosial şəbəkədəki cinayətə çağırışlar bu gün öz ictimai fəsadlarını ortaya qoyur. Artıq Daxili İşlər Nazirliyi başda olmaqla, bir neçə qurum və ictimai şəxslər “patı”, narkomaniya əleyhinə çıxışlar edir və bu faciənin sosial şəbəkələrdəki təbliğatdan yarandığını etiraf edirlər.
İndi də hüquq-mühafizə orqanlarının konkret olaraq Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət əməllərini törətməyə çağırış edən şəxsin də əməlinə hüquqi qiymət verəcəyinə inanırıq.
601 dəfə oxundu