Ayaqyolu problemini gündəmə gətirən müəllim: “Məsələ həll olunmasa, yeni video çəkəcəyəm” - FOTO/VİDEO

Ayaqyolu problemini gündəmə gətirən müəllim:
Bir neçə gün əvvəl İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbdə dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyən müəllim Nəcəfquliyeva Leyla Rəhim qızı yeni video paylaşıb.

O, paylaşdığı videoda ağlayıb və hər kəsdən onu pisləməyi xahiş edib.

Buna səbəb müəllimin kollektivi tərəfindən incidilməsi olub.

Məsələ barədə Leyla Nəcəfquliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, artıq Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi onunla görüşüb:

“Nümayəndə məktəbin pedaqoji, texniki heyəti ilə iclas keçirdi və bildirdi ki, artıq kimsə Leyla müəlliməni incitməsin. Söz verildi ki, daha bu hal olmayacaq. Direktor mənə heç bir təzyiq etməyib. Sadəcə sözün düzünü dediyim üçün kollektivdə istənilmirəm. Mən işimi, təhsil verdiyim uşaqları sevdiyim üçün burada qalıb dərs deyirəm. Bakı şəhərində doğulub yaşamışam və 2007-ci ildən burada təyinatla çalışıram”.

O qeyd edib ki, idarə tərəfindən bu həftənin sonuna kimi sanitar qovşağın istifadəyə veriləcəyi deyilib:

“Hələ ki heç bir təmir işinə başlanılmayıb. Həftəsonuna kimi sanitar qovşaq olmasa, yenidən bu problemlə bağlı video çəkib ictimailəşdirəcəyəm. Uşaqlara söz vermişəm ki, əvvəl sanitar qovşaq, sonra məktəbimizlə bağlı problemlərin həllinə çalışacağam. Bizə 2023-cü ildə yeni məktəbin də olacağı deyilib”.



L.Nəcəfquliyeva töhmət alması ilə bağlı yayılan fikirlərə aydınlıq gətirib:

“Mən 2022-ci ilin dekabr ayında bu videonu çəkib məktəbi tərk etdiyim üçün töhmət almışam və 40 manat maaşımdan kəsilib”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu saytımıza bildirib ki, yayılan görüntülərlə bağlı məsələ qurumun diqqətindədir:

“Aidiyyəti qurumlarla birlikdə məsələ araşdırılır”.

Qeyd edək ki, ayaqyolu problemi ilə bağlı sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaradıb.

Daha sonra deputat Fazil Mustafa da müəllimin yaydığı videoya görə töhmət aldığı barədə paylaşım etsə də, Mil-Muğan Regional Təhsil İdarəsi bunu inkar edib. Bildirilib ki, L.Nəcəfquliyeva 2022-ci ilin dekabr ayında özbaşına iki gün işə gəlmədiyi üçün töhmət alıb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
410 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...